Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 8 iyul — Sputnik. Şəkinin inkişaf konsepsiyası hazırlanaraq ölkə başçısına təqdim olunub. Bu barədə Sputnik Azərbaycan-a eksklüziv açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.
K. Quluzadə bildirib ki, Şəki şəhərinin tarixi mərkəzi Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınıb, oradakı tarixi abidələrin inventarizasiyası aparılıb.
Agentlik sözçüsü deyib ki, Şəki Şəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində 14 min əhali yaşayır. Abidələrin bir qismi şəxsi mülkiyyətdə olan ərazilərdə olduğundan, həmin abidələrin qorunması, bərpası ilə bağlı işlər birgə həyata keçiriləcək. K. Quluzadə onu da bildirib ki, planda Şəkinin qoruq ərazisində olan tikililərin öz əvvəlki vəziyyətinə, qədimi görkəminə qaytarılması istiqamətində də iş aparılacaq:
"Şəkinin tarixi ərazisində qədimdə evlərin damı qırmızı kirəmitlə olsa da, bəzilərinin dam örtüyü sonradan dəyişdirilib. Bundan əlavə, yolda da müəyyən dəyişikliklər olub. Ona görə nəzərə alınıb ki, Şəkinin tarixi hissəsində tikililər, eləcə də yol örtüyü qədimi dövrdə olduğu görkəmə qaytarılsın. Loru dildə desək, Şəki keçmişinə qaytarılacaq. Qoruq ərazisində yaşayanların köçürülməsi nəzərdə tutulmur".