Şəki xanları sirlərini qadınlardan qorumaq üçün unikal vasitə fikirləşiblər

Dünyanın mədəni irsi - Şəki Xan Sarayı və onun haqqında bilmədiyimiz gerçəklər...
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Ötən gün Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Elə bu əlamətdar hadisə haqda məlumatı alandan dərhal sonra Azərbaycanın dadlı-duzlu ləhcəsi ilə seçilən Şəki şəhərinə olan səfərimizi Şəki Xan Sarayında yekunlaşdırıb üzü Bakıya istiqamətlənmişdik.

Ölkənin ən qədim, dilbər guşələrindən biri olan Şəki öz füsunkar təbiəti ilə yanaşı, yerli sakinlərin dilli-dilavərliyi, əsrlərdən bəri özündə qoruyub saxladığı adət-ənənələri, sirli tarixi ilə də hər kəsi özünə cəlb edir.

Beynəlxalq qurumdan Azərbaycan üçün möhtəşəm qərar

Çay daşları ilə döşənən Şəki küçələrində addımladıqca, başmaqçıdan tutmuş papaqçıyadək qədim sənətlərin bugünkü varisləri olan ustalarla qarşılaşırıq. Şəkidəki son dayanacağımız isə turistlərin ən çox üz tutduqları Şəki Xan Sarayıdır. Burada əsrlərin yadigarı olan bu binanın tarixi haqda maraqlı məlumatlar əldə edirik. XVIII əsrdə fars stilində inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. 30 metr uzunluğa malik olan ikimərtəbəli saray 300 m2 sahəyə malikdir, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Macar kartoqraf və coğrafiyaçısı Şandor Rado qeyd edib ki, saray 1760-cı ildə Hüseyn xan tərəfindən inşa etdirilmiş, qısa müddət sonra isə burada yenidənqurma işləri aparılmışdır. Bədii Ensiklopediyada isə sarayın inşa tarixi 1791-92-ci illər kimi göstərilir. Azərbaycan Sovet Ensiklopediyasında sarayın XVIII əsrin 60-cı illərində Hüseyn xan Müştaqın sifarişi ilə inşa edildiyi göstərilir.

Şəki Xan Sarayının bələdçisinin sözlərinə görə, bu tikilidə sementdən, yapışqandan, mismardan istifadə edilməyib. Sarayın tikintisində yalnız daş, kərpic, kül, yumurta ağı, ahəng və gəcdən, bəzədilməsində isə təbii rənglərdən istifadə edilib.

İlk daxil olduğumuz otaq xanın divanxanasıdır. Bələdçi deyir ki, o dövrdə qərarlar yalnız bu otaqda qəbul olunarmış: "O zamanlar insanlar yerdə otururmuş. Buna görə də otaqların küncündə oturmaq üçün istifadə edilən döşəklərin və digər yüklərin yığılması məqsədilə kiçik hücrələr ayrılırmış. Divanxananın küncündə olan kiçik hücrə də məhz bu məqsədlə istifadə edilib".

Şəki xanları sirlərini qadınlardan qorumaq üçün unikal vasitə fikirləşiblər

Turistlərə otaqların boyası, bəzədilməsi haqda məlumat verən bələdçi, divarlarda yağlı deyil, yalnız təbii boyalardan istifadə edildiyini diqqətə çatdırır: "Divarda əks olunan bütün rəsmlər əl işləridir. Bu rəsmlərdəki rənglərin əldə olunmasında isə otlardan və çiçəklərdən, yumurtanın sarısından, qızıl suyu və sirkədən istifadə olunub".

Bələdçi deyir ki, saraydakı naxışlı və rəngli şüşələrdən ibarət pəncərələrin yığılmasında yapışqan və mıxdan istifadə edilməyib. O, divanxananın tavanı haqda da maraqlı məlumatları da açıqlayır: "Hazırda olduğumuz otağın tavanı 5 min 524 ədəd taxta parçadan ibarətdir. Bu tikilinin dünyada heç bir analoqu yoxdur. O zamanlar da belə düşünürdülər ki, güzgü böyük əksetdirmə gücünə sahibdir. Bu səbəbdən də otağın yuxarısındakı güzgüdən ətrafın işıqlandırılması məqsədilə istifadə edirmişlər. Yəni kənarlardakı dəmir halqalardan lampa asılar və güzgü vasitəsilə otaq işığa qərq olarmış".

Dünya arenasına çıxan Şəki ilə bağlı möhtəşəm plan - Eksklüziv

Saraydakı taxçalardan isə mebel əvəzi istifadə olunurmış. Şəki Xan Sarayının sehrli-sirli otaqlarından biri isə dəftərxana olub. Divanxanada çıxan qərarlar bu otaqdakı rəsmi sənədlərdə əskini taparmış. Burada rəsmi qərarlarla yanaşı müxtəlif dəftərlər, kitablar da qorunub saxlanılırmış. Bələdçi otağın quruluşu barədə də məlumat verir: "Tüstü baca vasitəsilə dama qalxırmış. Bacanın digər funksiyası isə çıraq yanmadığı zaman otağı havalandırmaq idi". Məlumata görə, bu otağın tavanı digər otaqların tavanından 50-60 santimetr aşağıdır.

Dəftərxana adlanan otaqda isə mirzələr əyləşər və müxtəlif dövlət sirlərini müzakirə edərmiş. Bələdçi deyir ki, digərlərindən fərqli olaraq, bu otağın divarlarının rəsmsiz olmasına səbəb yazı yazan şəxslərin diqqətini yayındırmamaq olub.

Bələdçinin danışdıqları onu deməyə əsas verir ki, o dövrdə də kişilər qadınlara sirr etibar etməyiblər: "İkinci mərtəbədə saraydakı xanımlar üçün ayrılan otaq yerləşir. Dəftərxanada müzakirə olunan dövlət sirlərinin xanımların qulağına çatmaması üçün mərtəbələrin arası torpaq qatı ilə doldurulub".

Saraydakı pilləkənlərin ölçüsü isə 30-35 santimetrdir. Əvvəllər sarayın birinci və ikinci mərtəbəsinə giriş ayrı olub, bu mərtəbələr arasında heç bir əlaqə olmayıb. Buna səbəb isə müsəlmanların adəti ilə əlaqələndirilir. Yəni o dövrdə də qadınlarla kişilər bir yerdə əyləşməz, pilləkənləri çıxıb-düşərkən üz-üzə gəlməzdilər. Lakin 1967-ci ildə pilləkənin quruluşuna dəyişiklik edilib. Beləcə, birinci mərtəbədən ikinci mərtəbəyə keçid mümkün olub.

Bələdçi deyir ki, sarayın qonaq otağında mötəbər şəxslər qəbul olunarmış. Bu otağın xalısı isə hazırda Sankt-Peterburqda yerləşən məşhur "Ermitaj Muzeyi"ndə saxlanılır.

Xanın qonaq otağındakı divarlarda müxtəlif döyüş səhnələri əksini tapıb:

"Bu sarayı inşa etdirən Şəki xanı Hüseyn xan burada Müştaq təxəllüsü ilə müxtəlif şeirlər yazarmış. O eyni zamanda Molla Pənah Vaqif və Molla Pənah Vidadi ilə dost olub. Müxtəlif vaxtlarda xan bu otaqda şeir məclisləri qurarmış. Bu otaqdakı divarlarda 18-ci əsrədək mövcud olan müxtəlif dövlət və millətlərin simvollarını görmək mümkündür".

Naxışlara diqqətlə baxdıqda isə onların üzərində binanın memarı usta Abbasla, bərpaçı rəssam Qarabağlı Qənbərin adlarının həkk olunduğunu görmək mümkündür. Məlumata görə, tikintisi iki ilə başa gələn binanın dekorasiyasının tamamlanmasına 8 il vaxt sərf olunub. Bu isə o deməkdir ki, bina ümumilikdə 10 ilə tikilib başa çatdırılıb. Bələdçi Xan Sarayında aparılan bərpa işlərindən də danışıb:

"Bina 6 dəfə bərpa edilib. Son bərpa işləri isə 2002-ci ildə başa çatıb. Ona görə bu binanın 85 faizi orijinal, 15 faizi isə bərpa olunmuş hissədən ibarətdir. Bərpa olunan hissələrə döşəmə, dam örtüyü, bəzi şəbəkə və rəsmlərdə olan restavrasiya işləri aiddir. Şəbəkələrdə olan tünd göy rəngli şüşələr bərpa olunan hissələrdir. Orijinal şüşələrin qalınlığı 1 millimetr, bərpa olunan şüşələrin qalınlığı isə 3 millimetrdir. Pəncərələr isə müasir jalüz funksiyasını yerinə yetirir, yəni siyirmə vasitəsilə yuxarı və aşağı istiqamətlənir".

Saraydakı buta təsvirləri isə simvolik məna kəsb edir. Bu o deməkdir ki, Şəki qədim zamanlardan bəri ipəkçilik şəhəri kimi tanınıb. Butanın digər simvolik mənası isə insanın həm əvvəlinin, həm də sonunun buta şəklində olmasına işarədir. Yəni insan dünyaya gəlməzdən öncə ana bətnində buta formasında olur. Eyni zamanda da, dünyadan köçəndə də insanları buta formasında dəfn edirlər. Bələdçinin dediyinə görə, bu gün Şəkinin kəndlərinin birində yeraltı labirintdə qəbirlər var. Onlar da buta formasındadır.

Tariximizi yaşadan muzey suda "üzür", həm də səlahiyyətli qurumun müşahidəsi altında

Xanın şəxsi otağındakı müxtəlif rəsmlər özündə müəyyən sirlər, mənalar ehtiva edir. Məsələn, buradakı nar ağacı cənnətin rəmzi olaraq bütövlük və birliyi özündə təcəssüm etdirir. Xanların başındakı tacı özündə ehtiva edən nar rəsmləri sarayın divarlarında həkk edilib. Söhbət əsnasında bələdçidən başqa maraqlı bir məlumat da alırıq. Sən demə, əgər narın tacındakı çıxıntıların cəmindən tək rəqəm alınarsa, bu o deməkdir ki, onun içindəki dənələrin sayı da təkdir. Əksinə olarsa, bu zaman narın içindəki dənələrin sayı həmişə cüt olacaq. Narın içindəki dənələr isə pərdələr vasitəsilə ayrılır. Buradakı pərdələr ailə mənasını daşıyır. Yəni dövlət dağılarsa, ailələr də dağılar".

Bundan başqa, divarlardakı aslanla əjdahının mübarizəsi "iki qoçun başı bir qazanda qaynamaz" məsələni xatırladır. Aslanın keçini parçalaması səhnəsinin əksi isə güclünün zəif üzərindəki qələbəsini göstərir. Divarlarda əksini tapan 8 guşəli ulduz cənnətin 8 qapısının olmasına işarədir. Bundan başqa, divarlarda əks olunan rəsmlərdən müxtəlif deyimləri oxumaq mümkündür: "Hər gözəlin bir eybi var", "Pul, var-dövlət gəldi gedərdir" və s.

Qeyd edək ki, artıq UNESCO-nun mədəni irsi hesab edilən bu sarayın uzunluğu 32, eni 8, hündürlüyü isə 10 metrdir. Divarlarının qalınlığı 1 metr 10 santimetrdir. Qəribə olan isə bu tarixi binanın bünövrəsinin olmamasıdır.

Şəki xanları sirlərini qadınlardan qorumaq üçün unikal vasitə fikirləşiblər

Saray kimi onun həyətindəki qoşa çinar da tarixiliyini qoruyub saxlayır. Məlumata görə, həyətdəki qoşa xan çinar ağaclarının 489 yaşı var. Bu isə o deməkdir ki, həmin ağaclar bu günədək keşiyini çəkdikləri tarixi binadan 232 il daha yaşlıdır. Bu ağaclar illərdir tarixi binaya baş çəkən turistləri günəşdən, sarayı isə küləkdən, yağış və qardan qoruyur...