İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 8 iyul — Sputnik. İyunun 1-dən bu günə kimi 79 nəfər boğulma təhlükəsi ilə üz-üzə qalıb və onlar Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas ediliblər.
Bu barədə Sputnik Azərbaycan-a qurumun İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili məlumat verib. Onun sözlərinə görə, xidmətin nəzarət etdiyi ərazilərdə ölüm faktı qeydə alınmayıb.
Xatırladaq ki, FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Müraciətdə qeyd edilib ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa, digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
Müraciətdə qeyd olunub ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir, eyni zamanda qızmar günəş altında fasiləsiz qalmaq (saat 9:00-dan 20:00-dək), hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.