Orxan Bahadırsoy, Sputnik Azərbaycan
BAKI, 6 iyul — Sputnik. Milli musiqi alətlərimiz nə qədər xoş səslənsələr də, müəyyən janrla məhdudlaşır. Tar və kamançanı muğam ifalarında görməyə və eşitməyə gözümüz də, qulağımız da öyrəşib. Bu alətləri və onların səsini elə muğamla da sevmişik. Lakin dövr dəyişməkdədir. Alətlər musiqi tariximizi, mədəni əhəmiyyətimizi hər nə qədər özündə ehtiva etsə də, yeniliyə can atmağın da vaxtı gəlib çatıb. Əlbəttə, tarı da, kamançanı da qorumaq, yaşatmaq, nəsildən-nəslə ötürmək mədəni irsimiz baxımından labüddür. Bununla kifayətlənmək isə lazım deyil.
Elə aktyor, şoumen, estrada ustası, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə də belə düşünüb. Düşünməklə qalmayıb, milli mədəniyyətimizi, musiqidə özünəməxsus ifadə tərzimizi qoruyub saxlamaqla yeni musiqi alətləri ixtira edib. Bu alətlər ixtira olunduğu vaxtdan etibarən müxtəlif telekanallarda, xəbər portallarında, sosial şəbəkələrdə bir neçə dəfə yayımlansa da, gözlənilən olmayıb və lazım olan qədər dəyərləndirilmir.
Sual oluna bilər ki, hansı əhəmiyyətinə görə dəyərləndirilməlidir. Bu barədə isə dəyərli sənətkarımız Qorxmaz Əlilicanzadənin telekanallardan birinə verdiyi müsahibədə alətlər haqqında danışdığı fikirləri əsas gətirərək qısa izahat verməyə çalışacağam.
İxtira olunan alətlərdən biri Canqordur. Canqor nəsil etibarı ilə sazın törəməsidir. Azərbaycan sazı zil səslərdən ibarət alətdir və bəm səsləri yoxdur. Anadolu sazı isə bəm səslərdən ibarətdir və zil səsləri yoxdur. Canqor isə həm zil, həm də bəm səslərə sahib, daha geniş imkanlara malik olan simli musiqi alətidir. Məsələn, bir saz ifaçısı indiyə qədər özü ilə həm milli sazı, həm də türk sazını daşımağa məcbur idi ki, müxtəlif musiqiləri ifa edə bilsin. El şənliklərində də saz ifaçılarının iki saz daşıdığını, hər dəfə alət dəyişdirdiklərini müşahidə etmişik. Qorxmaz Əlilicanzadə Canqoru ixtira etməklə, həm bu problemi həll edib, həm də saza yeni səslər, yeni imkanlar bəxş edib.
Digər musiqi aləti Əlbuta adlanır. Milli tarımızın xələfidir. Lakin tardan fərqli olaraq həm bəm, həm də zil səslərə sahibdir. Tarda 6 ədəd sim işləkdir, Əlbutada isə işlək olan 9 ədəd sim var. Əlbuta milli tarımızın qədim səsləri ilə yanaşı, yeni dünyanın musiqisi ilə uyğunlaşan səsləri də özündə ehtiva edir. Səslərə görə simlərin rəngləri də fərqlidir ki, bu da alətin öyrənilməsində işi asanlışdırır.
Üçüncü musiqi aləti isə Qorbutadır. Sələfi kamança olan bu musiqi aləti daha dünyəvidir. Qorbuta Avropa simli alətləri sistemi ilə quraşdırılıb ki, bu alətdə kamançadan fərqli olaraq Motsartın üçsəsli sonatasını ifa etmək mümkündür. Alt, skripka və violençelin səs imkanlarına sahib olan Qorbuta, bunlarla yanaşı kamançadakı milli səslərimizi də qoruyub saxlamaqdadır. Bu mənada Qorbuta milli kamançamızın dünya musiqisinə ayaq açmaq potensialına sahib olan övladıdır.
Qorxmaz Əlilicanzadə bu musiqi alətlərini milli naxışlarla ərsəyə gətirib. Alətlərin hamısının görünüşü buta formasındadır. Üzərində aypara və ulduzlar əks olunub. Bunu etməkdə aktyorun məqsədi dünyanın hər yerində bu alətlərin ilk görünüşdən Azərbaycana məxsus olmasını bildirmək istəyidir.
Acınacaqlı olan odur ki, Qorxmaz Əlilicanzadə istedad və zəhmətlə, min bir məşəqqətlə bu alətləri ərsəyə gətirsə də, musiqiçilər, musiqişünaslar, müğənnilər, bəstəkarlar bu alətlərin əhəmiyyətini anlamırlar. Əvvəldə izah etdiyim kimi, fərqli səsləri, fərqli mədəniyyətləri özündə birləşdirən, müasir zaman və yeni dünya ilə ayaqlaşan, Avropa musiqisinə belə əli çatan bu yeni alətlərin təqdimatı və istifadəsinin avantajlarını dəyərləndirə bilmirlər.
Daha bir pis məqam odur ki, televiziyada bu alətlərdən ibarət ansamblın ifası səslənən zaman, yerli media yeni musiqi səslərini duymur, yaxud duymaq istəmir, amma aktyorun hansısa ifadəsini yanlış yozaraq xəbər hazırlayır və reytinq qazanmağa çalışır. Amerikanın, Avropanın ortabab istedadları bütün dünyaya bəh-bəhlə əfsanə kimi sırındığı halda, ölkənin içində müxtəlif imkanlara malik yeni simli musiqi alətləri hazırlayan aktyorun zəhməti və istedadı kölgədə qalır. Mədəniyyət Nazirliyi isə məsələ ilə, ümumiyyətlə, maraqlanmır.
Əslində isə bununla ilk andan etibarən Mədəniyyət Nazirliyi dərhal maraqlanmalı, təqdimatlarını təşkil etməli, təcrübəsini və tədrisini keçirməli, Beynəlxalq Muğam Mərkəzinin, Mahnı Teatrının, Filarmoniyanın, Konservatoriyanın, Musiqi Akademiyasının, Bəstəkarlar İttifaqının diqqətini bu yeni və uğurlu işə çəkməli idi. Çəkməli və bununla göstərməli idi ki, yerimizdə saymırıq, yenilənirik, rənglənirik, törəyirik, artırıq, yaradırıq və yaşadırıq.
Qorxmaz Əlilicanzadəyə bu ixtiralara görə, musiqimizin, mədəniyyətimizin qayğısını çəkdiyinə, inkişafı üçün əmək sərf etdiyinə görə biz də, bizdən sonrakı nəsillər də təşəkkür borcludur!