Ankara istəyinə çatdı, "S-400"lər gəlir

Pentaqon dəfələrlə bəyan edib ki, əgər Türkiyə Rusiya istehsalı olan "S-400" raket komplekslərini alsa, ABŞ istehsalı olan "F-35"ləri ala bilməyəcək
Sputnik

BAKI, 4 iyul — Sputnik. Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə çatdırılmasına gələn həftə başlana bilər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi qərargahının rəhbəri İsmayıl Demir bildirib.

Çavuşoğludan kritik "S-400" açıqlaması: "Bahalı olduğu üçün..."

"S-400"lərin tədarükünə dair bizim prezidentimiz tərəfindən səsləndirilən fikrə gəldikdə isə deyə bilərəm ki, iyul ayının ilk həftəsi bitdi. İkinci həftə başlayır. Gələn həftə siz "S-400"-lərin tədarükünü görəcəksiniz", - deyə Demir bildirib.

Qeyd edək ki, daha əvvəl Pentaqon dəfələrlə bəyan edib ki, əgər Türkiyə Rusiya istehsalı olan "S-400" raket komplekslərini alsa, ABŞ istehsalı olan "F-35"ləri ala bilməyəcək.

Xatırladaq ki, iyunun 28-də Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib. Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Məlumatda qeyd edilir ki, büdcə layihəsinin 1236-cı bəndində "F-35"lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.

İran: Ehtiyac olsa, "S-400"ü ala bilərik

Eyni zamanda, Rusiyadan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə çatdırılmasının yolverilməz olduğu qeyd olunur.

Xatırladaq ki, iyunun 11-də ABŞ-ın Arizona ştatının "Lyuk" hərbi bazasında "F-35" tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıblar. Bu qərar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.

"Nazirliyə məlumdur ki, türk pilotlar... uçuşlar həyata keçirmirlər", - deyə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib.

"Əgər Türkiyə öz siyasətini dəyişməsə, onda biz onun "F-35" proqramından çıxarılmasıyla bağlı müttəfiqimiz Türkiyə ilə əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik", - Endryus vurğulayıb.

Qeyd edək ki, iyunun 8-də Birləşmiş Ştatlar və Türkiyə arasında Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri ilə bağlı gərginlik pik nöqtəsinə çatıb. 

NATO "S-400"dən qorxmalıdır – səbəbi...
Pentaqon rəhbəri Patrik Şanahan (Patrick Shanahan) "F-35" tipli yeni nəsil qırıcılarla bağlı Türkiyə Müdafiə naziri Hulusi Akara məktub göndərib. Bununla da, ABŞ Türkiyənin "F-35" qırıcıları proqramından çıxarılması yolunda ilk addımı atıb. Belə ki, Pentaqon rəhbəri Hulusi Akara yazdığı məktubda "F-35" tipli qırıcılarda təlim keçən türk pilotların 31 iyula qədər proqramdan ayrılacaqlarını və proqram çərçivəsində yeni təlim keçilməyəcəyini qeyd edib.

Məktubda, həmçinin qeyd olunur ki, Türkiyənin Rusiyadan "S-400" müdafiə sistemi almaqdan imtina etməməsi halında Türkiyənin "F-35" proqramından çıxarılmasına istiqamətlənəcək başqa addımların atılacağı da qeyd olunub.