Türkiyənin başı dərddə: Ankaranı Qəddafi torpağında müharibəyə kim sürükləyir

Vəziyyət hər keçən gün daha da pisləşir, bölgədə müharibə ehtimalı durmadan artır
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. General Xəlif Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) Hərbi Hava Qüvvələri (HHQ) həftəsonu Tripoli yaxınlığında yerləşən Mitiqa hava limanına aviazərbələr endirərək Türkiyəyə məxsus pilotsuz uçan aparatı vurmaq istəyib.

Putinlə Ərdoğan Liviya və Suriyanı müzakirə ediblər

Bundan qısa müddət sonra LMO-nun kəşfiyyat idarəsi Türkiyə vətəndaşlarını casusluqda ittiham edərək həbs edib. Düzdür, sonradan həbs edilənlər Ankaranın təzyiqi nəticəsində azad olunublar. Bundan əlavə, Liviyada general Haftarın nəzarətində olan ərazilərdə istənilən Türkiyə vətəndaşı və Türkiyə şirkəti barədə məlumatlar təqdim edəcək şəxslərin mükafatlandıracağını əks etdirən vərəqələr yayılıb. Haftar özü isə Liviya hava sərhədinin Türkiyə təyyarələri üçün bağlanılması qərarını açıqlayaraq, rəhbərlik etdiyi hərbi birliklərə bölgədəki türk gəmiləri və obyektlərinə hücum etmək əmri verib.

Rəsmi Ankaranın da Liviyada baş verənlərə reaksiyası çox sərt olub. Belə ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay bəyan edib ki, Türkiyə bundan sonra da hansı ölkədə olmalarından asılı olmayaraq öz vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını qorumaqda davam edəcək. Türkiyə tərəfi hətta Haftarın başçılıq etdiyi Liviya Milli Ordusuna zərbə endiriləcəyini də istisna etməyib. Tərəflər arasında gərgin durum qalmaqdadır və baş verəcəkləri proqnozlaşdırmaq olduqca çətindir.

Sputnik Azərbaycan məsələ ilə bağlı Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Səlçuk Çolakoğlu ilə həmsöhbət olub.

Türkiyənin başı dərddə: Ankaranı Qəddafi torpağında müharibəyə kim sürükləyir

Çolakoğlu qeyd edib ki, hazırda Liviyada iki qüvvə mövcuddur, onların hər biri ölkəni təkbaşına təmsil etmək istəyir və bunun uğrunda mübarizə gedir: "Belə ki, bir tərəfdə paytaxt Tripolidə olan və ölkənin qərbində kiçik bir hissəyə nəzarət edən, Birləşmiş Millətlər Təşkilatının (BMT) tanıdığı Milli Birlik Hökuməti (MHB), digər tərəfdə isə Benqazi mərkəz olmaqla, ölkənin böyük bir hissəsinə nəzarət edən, lakin beynəlxalq birlik tərəfindən tanınmayan general Xəlifə Haftarın rəhbərliyi altında Liviya Milli Ordusu (LMO) var. Zamanla güclənən və Tripolidəki hökuməti devirərək ölkəni öz idarəsi altında birləşdirmək istəyən Haftar 2019-cu ilin aprelində Milli Birlik Hökumətinə qarşı böyük bir hücuma başladı və bundan sonra iki qüvvə arasında ciddi döyüşlər gedir".

Liviya quldur özbaşınalığından bezib: Rusiya Qəddafinin oğlunu dəstəkləyəcəkmi?

Haftarın Türkiyəni düşmən elan etməsi və təhdid etməsinin arxasında nələrin olmasından danışan professor vurğulayıb ki, əslində Liviyadakı bu qarşıdurma bölgəyə hökmranlıq etmək, onu idarə etmək uğrunda müharibəyə dönüb: "Bir tərəfdən Liviya Milli Ordusunu dəstəkləyən Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Fransa və Rusiya dayanır. Tripolidə BMT tərəfindən dəstəklənən Milli Birlik Hökumətini isə aktiv olaraq Türkiyə və Qatar dəstəkləyir. Beynəlxalq mediada yayılan iddialara görə, Haftarın başlatdığı hücum Türkiyənin Tripolidəki orduya silah-sursat, zirehli texnika və pilotsuz uçan aparat göndərməsi ilə üst-üstə düşüb. Əslində isə Liviya Milli Ordusu onu dəstəkləyən ölkələrdən silah almaq məqsədilə bu məlumatlardan istifadə edir. Misir, Səudiyyə Ərəbistanı və BƏƏ general Haftar vasitəsi ilə Liviyaya tam nəzarəti ələ keçirmək istəyir və bu anlamda Türkiyənin Tripoli hökumətinə dəstəyini əngəl olaraq görür. Buna görə də, Türkiyə təyyarələri və gəmiləri vasitəsi ilə Tripoliyə yardımın getməsini əngəlləməyə və Milli Birlik Hökumətinin dirənişini qırmağa çalışırlar. Nəticə də isə Liviyada daxili böhran, vətəndaş müharibəsi dərinləşir".

General Haftarın Liviya hava sərhədini Türkiyə təyyarələri üçün bağlamasını, rəhbərlik etdiyi hərbi birliklərə bölgədəki türk gəmiləri və obyektlərinə hücum etmək əmri verməsi qarşılığında Türkiyənin ortaya qoyduğu mövqeyi dəyərləndirən Çolakoğlu qeyd edib ki, rəsmi Ankara özəlliklə 6 türk dənizçinin Benqazidə tutulmasına olduqca sərt təpki verdi və Türkiyə vətəndaşının sərbəst buraxılmaması halında Haftar güclərinin hədəf halına gətiriləcəyini bildirdi: "Ankaranın bu sərt təpkisindən sonra Liviya Milli Ordusu Türkiyə vətəndaşlarını sərbəst buraxdı. BMT tərəfindən Liviyada müharibə aparan tərəflərə silah verilməməsi ilə bağlı qərarı olsa da, belə bir qərara riayət olunduğunu söyləmək olduqca çətindir. 

Liviya sahillərində yüzlərlə miqrant batıb
Tripoli və Benqazidəki hökumətlər başqa ölkələrdən silah-sursat ala bilirlər. Buna görə də, özü xaricdən silah və yardım alan Haftar, Ankaranın BMT və beynəlxalq birlik tərəfindən tanınan Milli Birlik Hökumətinə yardım etməsinə mane ola bilmir. Türkiyəyə məxsus təyyarə və gəmilərə Liviya tərəfindən hücumun olması halında bu Aralıq dənizində vəziyyəti daha da gərginləşdirəcək".

Türkiyənin Liviyada mümkün müharibəyə qatılması ehtimalından danışan Səlçuk Çolakoğlu vurğulayıb ki, Türkiyə cümhuriyyət dönəmi boyunca qonşu ölkələr, xüsusi ilə ərəb ölkələrinin daxili işlərinə və onların öz arasındakı problemlərə qarışmamaq siyasətinə sadiq olub. Ədalət və İnkişaf Partiyası (AKP) "Ərəb baharı"nın başlaması ilə bu siyasətdən imtina etdi. Yəni, 2011-ci ildən etibarən AKP hökumətinin Misir, Liviya, Tunis, Mərakeş, Yəmən, Sudan, Fələstin, Qatar, İraq və Suriyanın daxili işlərinə birbaşa və dolayı yolla qarışdığını görürük. Türkiyə eyni zamanda, Suriyadakı silahlı qarşıdurmalara aktiv şəkildə müdaxilə etdi. Bu mənada, Türkiyə Silahlı Qüvvələri ilə Haftar gücləri arasında hər hansı qarşıdurma çıxarsa, bunun hazırkı mərhələdə nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir”.