RUSİYA

"Güvə məsələsi": Azərbaycan məhsulları Rusiyaya niyə buraxılmır?

Rusiya Azərbaycan məhsullarını sərhəddən buraxmır, dövlət qurumu isə cavab verə bilmir
Sputnik

BAKI, 3 iyul — Sputnik. "Rosselxoznadzor"un (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti) mütəxəssisləri Azərbaycan pomidoru və gilası ilə dolu yük maşınlarını geri qaytarıb. Sputnik Azərbaycan xəbər verir ki, "Rosselxoznadzor"un Dağıstan Respublikasındakı Xidmətinin məlumatına görə, 16-23 iyun 2019-cu iyun tarixlərində Yaraq-Kazmalyar gömrük-keçid məntəqəsində Azərbaycandan aparılan 119,095 ton pomidorun və 108,146 ton təzə gilasın idxalı qadağan edilib.

Meyvə-tərəvəzdən götürülmüş nümunələr "Rosselxoznadzor"un Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialına verilib. İdarədən verilən məlumata görə, laboratiya bu ərzaq məhsullarının tərkibində zərərli maddələr - pomidor güvəsi, şərq güvəsi və Qərbi Kaliforniya çiçək tripsi aşkarlayıb.

“Kabab qanlı, igid...” – Yediyimiz ət heç də yerli məhsul deyilmiş

Fitosanitar riskin böyük olduğunu nəzərə alınaraq, bu yüklərin Rusiya Federasiyası ərazisinə idxalı qadağan edilib. Meyvə-tərəvəz ixracatçı ölkəyə geri qaytarılıb və günahkarlar inzibati məsuliyyətə cəlb edilib.

Bu, Azərbaycandan gətirilən kənd təsərrüfatı məhsullarının karantin obyektlərinə görə Rusiya ərazisinə gətirilməsinin qadağan edilməsi ilə bağlı ilk hadisə deyil. Dağıstanda Respublikası Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin rəhbəri Qurban Ramazanovun verdiyi məlumat da bunu təsdiqləyir. Onun məlumatına görə, 2019-cu ilin əvvəlindən etibarən Yaraq-Kazmalyar gömrük-keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının Azərbaycana qaytarılması ilə bağlı 66 hadisə qeydə alınıb. Ümumilikdə respublikaya 1,320 min ton yük qaytarılıb.

"Bizdə sənədlərin tam paketi var. Hər bir hal əsaslandırılıb. Əlbəttə ki, onlar bu barədə heç nə yazmırlar (müşayiət sənədlərində - red.). Onlar yazırlar ki, hər şey yaxşıdır. Əgər onlar yazsalar ki, karantin obyektləri var, biz buna görə məhsulları Rusiya Federasiyası ərazisinə buraxmarıq. Bu təcrübə bütün dünyada müşahidə edilir," - deyə dağıstanlı məmur bildirib.

Sputnik Azərbaycan respublikanın müvafiq strukturlarının bütün bunlara necə reaksiya verdiyini öyrənməyə çalışıb.

AR Kənd Təsərrüfatı Nazirliyindən sorğumuza cavab olaraq bildiriblər ki, kənd təsərrüfatı məhsullarına sertifikatı Qida Təhlükəsizliyi Agentliyi təqdim edir. Fitosanitar Xidməti Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə daxil olsa da, fitosanitar nəzarət Qida Təhlükəsizliyi Agentliyinin vəzifəsidir.

Məcburi nişanlama gəlir - Saxta məhsulları bazara çıxarmaq mümkün olmayacaq

Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə ona keyfiyyət standartlarına cavab verdiyi barədə verilmiş arayış arasında uyğunsuzluğun olduğuna dair göndərdiyimiz sorğuya Qida Təhlükəsizliyi Agentliyinin verdiyi cavab bizi qane etməyib. Agentliyin mütəxəssisləri bizi qanunvericiliyin predmeti olan məlumatlarla təlimatlandırmaqla kifayətləniblər.

"Bildiririk ki, Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartların tələblərinə və milli qanunvericiliyə uyğun olaraq, hər bir idxalçı ölkə tərəfindən ərazisinə daxil olan fitosanitar karantin nəzarətində olan materiallara, o cümlədən məhsullara fitosanitar karantin baxışı tətbiq olunur (yükü müşaiyət edən sənədlərə, nəqliyyat vasitələrinə, qablaşdırma materiallarına, bitki və bitkiçilik məhsullarına). Karantin baxışı zamanı uyğunsuzluq aşkar edilmədiyi təqdirdə yükün idxalına icazə verilir. Aşkar edilmiş hər hansı bir uyğunsuzluq Fitosanitar Tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartla tənzimlənir. Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartların tələblərinə və milli qanunvericiliyə uyğun olaraq idxal olunan yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilə, emal edilə, məhv edilə və ya geri qaytarıla bilər," - AQTA İnformasiya təminatı və innovativ həllər şöbəsinin sorğumuza cavabında bildirilir.

AQTA qeyd edib ki, Fitosanitar Tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartın tələbinə əsasən uyğunsuzluq aşkar edildiyi təqdirdə idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verir. Lakin sözügedən məsələ ilə bağlı heç bir rəsmi məlumat Agentliyə daxil olmayıb.

"Ümumiyyətlə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür, lakin beynəlxalq qaydalara uyğun olaraq yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər," - agentliyin məlumatında bildirilir.

Yeyinti məhsulları sahəsində yeni dövlət rüsumu müəyyənləşib

Bu minvalla, AQTA Azərbaycandan ixrac edilən meyvə-tərəvəzin sistemli şəkildə niyə Rusiyadan geri qaytarıldığı barədə suala cavab verməyib.

Qeyri-hökumət təşkilatı olan "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov isə öz növbəsində bildirib ki, AQTA-nın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş qüsursuz nizamnaməsi var. Bu, nəinki təkcə ölkə əhalisinin keyfiyyətli qida məhsulları ilə təminatını, eləcə də postneft dövründə ölkənin kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasının təminatı ilə bağlı vacib və strateji sənəddir. Və bu planların həyata keçirilməsi Agentliyin səlahiyyətlərinə daxildir.

Hüseynov qeyd edib ki, uzun illər Azərbaycan Avropaya yalnız qoz-fındıq, balıq və kürü ixrac edib. Təkcə Rusiyaya geniş çeşiddə məhsullar göndərib.

"Agentlik öz işini elə qurmalıdır ki, Azərbaycan məhsulları geri qaytarılmasın. AQTA-nın ekspertləri bütün bunların baş verməməsi üçün qüsursuz işləməlidirlər," - deyə AİB sədri əlavə edib.