Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 2 iyul — Sputnik. Havaların istiləşməsi sərinləşdirici içkilərə tələbatı artırıb. Belə içkilərdən biri də daha çox kişilərin üstünlük verdiyi kvasdır. Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, bundan öncəki illərlə müqayisədə kvas satışı artıb. Bəs gigiyena qaydalarına necə, əməl olunurmu, yaxud da onların fəaliyyəti lisenziyalaşdırılıbmı? Bu suallara cavab tapmaq üçün paytaxtın "28 May" metrostansiyasının qarşısında kvas satışı ilə məşğul olan bir neçə satıcı ilə söhbətləşdik.
Satıcı Asif Kərimov deyir ki, məhsullar Rusiyadan gətirilsə də, burada qablaşdırılır: "Əvvəllər deyirdilər ki, bu cür kvasların içində qurbağa olur. O zamanlar qurbağanı içkini sərinlətmək məqsədi ilə atırdılar. Amma indi buna ehtiyac yoxdur. Artıq bu içkilərin sərin qalması üçün hər bir şərait var".
Digər satıcı isə alıcılıq qabiliyyətinin yaxşı olduğunu söyləyir: "Artıq bir ay olar ki, bu satışla pul qazanmağa başlamışıq. 200 qramı 0.50 qəpiyə satırıq, çox sərfəlidir. Ona görə də, şükür olsun, alıcılıq qabiliyyəti çox yaxşıdır. Belə dolana bilirik".
Apardığımız müşahidələrə əsasən öncəki illərlə müqayisədə tək bakal əvəzinə bir dəfə istifadə üçün nəzərdə tutulan plastik stəkanlardan istifadə edildiyini görürük.
Amma bazarın digər sahələrində olduğu kimi burada da hər bir satıcı öz malını istehlakçıya sırımaq istəyir. Amma bu reklam üçün, alıcı cəlb etmək üçün heç biri digərindən fərqli nəsə təklif etmir: "Bax qızım, o taydakı da bir balaca stəkanı 50 qəpiyə verir, mən də. Amma inan, onunkunun dadı ilə mənimkinin dadı ayrıdır".
Bəs, bu cür içkilərin satışına qoyulan tələblər nədir, nəzarət necə həyata keçirilir? Azərbaycan Qida Təhlekəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, belə kiçik ticarət obyektinin yerləşəcəyi məkan seçilərkən müvafiq yerli dövlət orqanları ilə razılaşdırılmalı və qanunvericiliyin tələblərinə uyğun şəkildə öz fəaliyyətlərini həyata keçirməlidirlər.
Bundan başqa qeyd olunur ki, alkoqolsuz içkilərin, şirələrin və yaxud kvas məhsulunun satıcısı (sahibkarlar) ticarət qaydalarına, sanitariya norma və qaydalarına, kvasın istehsal şəraitinə və saxlanma tələblərinə əməl edilməsinə cavabdehdir. Sahibkar ticarət müəssisəsini və radius boyunca 5 metr məsafədə ətraf ərazini təmiz saxlamalıdır.
Həmçinin, şüşə yuyucusu, şüşənin kənarı və içərisinin eyni anda yuyulmasını, eləcə də suyun təzyiq altında vurulmasını təmin etməlidir.
AQTA-dan bildirilir ki, bu cür ticarət obyektləri bəzi avadanlıqlarla təmin olunmalıdır:
- Zəruri texniki avadanlıqlar;
- Günəşdən müdafiə çətirləri;
- Polietilen içliklə təchiz olunmuş zibil qutuları;
- Birdəfəlik qablar və ya şüşə qablar;
- Satıcılar üçün oturacaqlar.
Bundan başqa qeyd olunur ki, izotermik çənlərdən içkilərin süzülərək satışının həyata keçirilməsi zamanı "Spirtsiz içki, kvas və pivələrin satışı üçün nəzərdə tutulmuş izotermik çənlərlə xidmətə dair Təlimat" Qaydalarına əməl etmək lazımdır.
İçkilərin süzülərək satılması üçün izotermik çənləri olan hər bir ticarət məntəqəsində yuyulma tarixi, dezinfeksiya tarixi, tətbiq olunan dezinfeksiyaedici məhlulun adı, dezinfeksiyanı həyata keçirən şəxsin adı, soyadı, həmçinin mövcud texnoloji təlimata əsasən çənlərin yuyulma və dezinfeksiya rejiminə aid olan məlumatlar istifadə olunmalıdır.
"Satış məntəqəsində quraşdırılmış izotermik çənlərin dezinfeksiyası üzrə cədvəl 10 gündə 1 dəfədən az olmayaraq dezinfeksiyanın dövriliyini əks etdirməlidir. Satış qaydalarına əsasən, istifadə müddətinə riayət edilməsini təsdiq edən müşayiətedici sənədlər də daxil olmaqla, istehlakçının ilk tələbindən satıcı məhsulun keyfiyyət və təhlükəsizliyi ilə bağlı istehlakçını maraqlandıran məlumatla onu tanış etməlidir. Kvasın satışını həyata keçirən satıcıların tibbi müayinədən keçməsini təsdiq edən sənəd olmalıdır", - deyə verilən məlumatda vurğulanıb.
AQTA xəbərdarlıq olaraq bildirir ki, əgər vətəndaşların satış müəssisələrində satılan kvas içkisinin təhlükəsizliyi ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.
Apardığımız müşahidələr zamanı təəssüf doğuran bir məqamla da qarşılaşdıq. Bu məqam isə satış üçün lisenziyaların olmaması ilə bağlıdır. Bəzisi, "lisenziyanız varmı?" sualımıza dodaqaltı tapşırılmışıq, digərləri isə "var amma, lisenziya burada deyil," - deyə cavab verdi.
Belə olan halda isə əlbəttə ki, həmin məhsulun keyfiyyəti istər-istəməz müəyyən şübhələr və narahatlıqlar doğurur.