Nəzrinin bu ideyası “From Waste to Art” (Tullantıdan İncəsənətə) layihəsində iştirak etməyə dəvət aldıqdan sonra yaranıb. Bu layihəyə qatılacaq rəssamların qabağında duran əsas vəzifə hər kəsin tullantı hesab etdiyi materiallardan gözəl rəsm əsərləri yaratmaq olub.
Nəzrin təbiəti və heyvanları çox sevdiyi üçün dənizin tullantılarla çirkləndirilməsi, orada yaşayan heyvanların kökünün kəsilməsi onu narahat edən məsələlərdəndir. Buna görə də o, rəsmləri üçün “xammal” kimi plastik paketlərdən istifadə etmək qərarına gəlib. İlk işini də məhz “İkinci həyat” adlandırıb.
Getdikcə əsərlərini daha irimiqyaslı edən və qəlizləşdirən dizaynerin ən böyük çətinliyi ona lazım olan rəngdə plastik paketlər yığmaq olub, çünki onun rəsmlərinə boyalı fırça bircə dəfə belə dəyməyib. Ən xırda detallar, kölgə effektləri – bunların hamısı müxtəlif rəngli paketlərlə yaradılıb.
İlk öncə gördüyü hər yerdə paketləri yığan rəssam, getdikcə bütün tanışlarının, hətta internetdə onun işlərini görən tanımadığı insanların belə ona bu işdə kömək etdiyini deyib.
Nəfis qoxulu incəsənət: Sputnikin loqosu qəhvədən çəkildi>>
“Bir dəfə yarmarkaya getmişdim. Orada zibil qutusunda mənə lazım olan boz rəngdə parıltılı paket gördüm və dərhal götürdüm. Hər kəs mənə maraqla baxırdı ki, görəsən bu qız zibil paketlərini nəyə görə yığır? Sağ olsunlar, oradakı satıcı oğlan daha sonra mənə bütün paketlərini yığıb verdi.”
Hal-hazırda Nəzrin növbəti işini planlaşdırır və artıq paketləri yığmağa başlayıb. Belə ki, rəssam işlərin ərsəyə gəlməsinə 3-4 ay sərf edirsə, daha 3-4 ayı da yalnız paketlərinin yığılmasına gedir. O, rəsmlərdən başqa, həm foto həm də video layihələrlə məşğul olur. Amma bircə aspekt heç vaxt dəyişmir. Onun imzası olan hər iş təbiətin qorunmasına və ekoloji problemlərə həsr olunur.