SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dmitri Kiselyov: “Rusiyapərəst olmaq yox, Azərbaycanpərəst olmaq lazımdır”

Azərbaycanın aparıcı KİV rəhbərləri “Rossiya seqodnya” BİA-nı ziyarət edərək agentliyin rəhbərliyi ilə görüşüb və bu cür görüşlərin tək Moskvada deyil, Bakıda da davam etdirilməsi barədə razılığa gəliblər
Sputnik

Aleksey Stefanov, Sputnik.

BAKI, 2 iyul — Sputnik. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) nümayəndə heyəti, fondun icraçı direktoru Vüqar Səfərlinin başçılığı altında Azərbaycanın aparıcı KİV baş redaktorlarının Moskvaya səfəri çərçivəsində iyulun 2-də “Rossiya seqodnya”nı (“Россия сегодня”) ziyarət ediblər.

Kiselyov İlham Əliyev haqda: "Azərbaycanlılar çox şanslıdırlar"
Agentliyin Baş direktoru Dmitri Kiselyovla görüşdə həmçinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.

“Bizim Bakıdakı təmsilçiliyimizdə yerli jurnalistlər – azərbaycanlı kollektiv çalışır. Yəni digər ölkələrdə yerləşən şöbələrimizdəki kimi: Fransada – fransızlar, Çində - çinlilər işlədiyi kimi. Bu, bizim açıqlığımızdan irəli gəlir. Bizim gizli fikirlərimiz, ikimənalı yanaşmamız yoxdur, biz Azərbaycanla yaxşı münasibətlər qurmaq istəyirik”, - “Rossiya seqodnya” BİA-nın Baş direktoru Dmitri Kiselyov görüşdə deyib.

O, qeyd edib ki, Azərbaycan – həm regional baxımdan, həm də dünya ictimaiyyətinin komponenti kimi çox vacib ölkədir. Kiselyov həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə yaxşı və Azərbaycanın səfiri Polad Bülbüloğlu ilə səmimi münasibətləri olduğunu xatırladıb.

“Bizim Sputnik Azərbaycan-da təxminən qırxadək insan çalışır, bizim oradakı həmkarlarımızın hamısı Azərbaycan vətəndaşlarıdır. Bakıda bizim ən böyük mətbuat mərkəzlərimizdən biri yerləşir. İnsanların peşəkar inkişafına böyük diqqət ayırırıq, - deyən “Rossiya seqodnya” BİA-nın direktor müavini Andrey Blaqodırenko əlavə edib ki, əlaqələri genişləndirmək fikrindədirlər. - İstəyirik ki, Türkiyə ilə də telekörpü quraq, çünki Azərbaycanın bu ölkə ilə çox sıx iqtisadi və siyasi əlaqələri var”.

Azərbaycanın aparıcı KİV rəhbərləri agentliyin rəhbərliyinə onları maraqlandıran sualları ünvanlayıb, həmçinin Moskvaya gəlmək, “burada öyrənmək, məlumatla yüklənərək Bakıya qayıtmaq” imkanlarını da müzakirə ediblər.

“Əkiz qüllələrdəki faciədən sonra ABŞ bəyan elədi ki: bundan sonra dünya lideri biz olacağıq. Biz indi hər şeyi səhmana salacağıq. Terrorçular artıq uçurlar, Nyu-Yorka hücumlar edirlər. Biz amerika modeli üzrə çiçəklənməni yayacağıq. Rusiya XXI əsrə yeni lider – Putinlə - qədəm qoydu, o isə başqa konsepsiyanı əsas götürdü. Rusiya planetə çoxşaxəli dünya təqdim edir. 

Kiselyov: "Bakıya silah satılmasında siyasi məna axtarmaq lazım deyil"
 "Hər bir millət və ölkə öz tarixi inkişaf dövrünü keçməyi, öz mədəni adət-ənənələrini yaşatmağı haqq edir", - deyə Dmitri Kiselyov qeyd edib. O, əlavə edib ki, amerika modeli müharibələr, kasıblıq və rəngli inqilablar doğurdu. Rusiyanın isə xeyli müttəfiqi peyda oldu.

Dmitri Kiselyov həmçinin bildirib ki, Rusiyanın azərbaycanlılarda özünə qarşı hansısa xüsusi sevgi yaratmaq kimi bir məqsədi yoxdur. Bu, Qərbin imtiyazıdır. “Rusiyapərəst olmaq yox, Azərbaycanpərəst olmaq lazımdır”, - Kiselyov vurğulayıb.   

“Dmitri Konstantinoviçin çox məşğul olduğunu bildiyim üçün bizə bu qədər vaxt ayırdığına görə ona təşəkkür edirəm. Gələcəkdə belə görüşlərin müntəzəm olmasını planlaşdırırıq. Biz Azərbaycana Rusiya mətbuatının nümayəndələrini də dəvət edəcəyik. Mənə elə gəlir ki, mübadilə çox faydalı olacaq. Bunlar əvvəlcə KİV rəhbərləri ola bilər, sonra isə Azərbaycan-Rusiya xətti üzrə işləyən sadə jurnalistlər də ola bilər”, - Polad Bülbüloğlu görüşdən sonra Sputnik-in müxbirinə bildirib. 

“Həmkarları, xüsusilə də, əgər bu həmkarlar Rusiyadandırlarsa, dinləmək həmişə maraqlıdır. Rusiya bizim üçün çox yaxın ölkədir, dövlət başçılarımızın münasibətləri də pozitiv yöndədir. Hesab edirəm ki, ölkə rəhbərlərimizin yaratdığı bu trendi təkcə KİV-də deyil, bütün sahələrdə davam etdirmək lazımdır. Bizim gəlişimiz də elə bu məqsədi güdür – biz jurnalistlər, media-resurslar arasında körpü yaradırıq. Ən əsası – şəxsi əlaqələrdir, onlar səhvlərdən qaçmağa, yanlışlıqları vaxtında aradan qaldırmağa kömək edir”, - “Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev bildirib.