RUSİYA

Ankara daha bir məsələdə Vaşinqtondan Rusiyanın xeyrinə imtina edir

Türkiyə özünün hərbi təyyarələrinin və ballistik raketlərinin yaradılmasına başlayır
Sputnik

BAKI, 2 iyul — Sputnik. Türkiyə ABŞ-a məxsus 5-ci nəsil "F-35"tipli hərbi qırıcıları əldə etməsə, Rusiya istehsalı olan qırıcıları almaq imkanını nəzərdən keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" nəşri anonim türkiyəli məmurlara istinadən xəbər verir.

Türkiyəli rəsmilərin sözlərinə görə, əgər Türkiyə "F-35" proqramından çıxarılsa, bu ölkə alternativlərin axtarışına başlayacaq ki, bu anlamda Rusiya qırıcılarının alınması da istisna edilmir. Bundan əlavə, Türkiyə özünün hərbi təyyarələrinin və ballistik raketlərinin yaradılmasına da başlayacaq.

S-400-lər 10 günə Türkiyədə olacaq - Ərdoğan

Mənbə eyni zamanda qeyd edib ki, türkiyəli rəsmilərin fikrincə, Rusiya istehsalı "S-400"-lər ABŞ istehsalı olan "Patriot"u üstələyir və Ankara və İstanbulu qorumaq iqtidarındadır.

Adının çəkilməsini istəməyən türkiyəli rəsmi qeyd edib ki, "S-400"-ün alışı ilə bağlı Vaşinqton tərəfindən mümkün sanksiyalara hazırlıq çərçivəsində Ankara ABŞ istehsalı olan hərbi texnikaya dair ehtiyat hissələri alıb.

Qeyd edək ki, daha əvvəl Pentaqon dəfələrlə bəyan edib ki, əgər Türkiyə Rusiya istehsalı olan "S-400" raket kompleksləri alsa, ABŞ istehsalı olan "F-35"-ləri ala bilməyəcək.

Xatırladaq ki, iyunun 28-i Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib. Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Məlumatda qeyd olunur ki, büdcə layihəsinin 1236-cı bəndidə "F-35"-lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.

İran: Ehtiyac olsa, "S-400"ü ala bilərik

Eyni zamanda, Rusiyadan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə çatdırılmasının yolverilməz olduğu qeyd olunur.

Xatırladaq ki, iyunun 11-i ABŞ-ın Arizona ştatının "Lyuk" hərbi bazasında "F-35" tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıblar. Bu qərar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.

"Nazirliyə məlumdur ki, türk pilotlar... uçuşlar həyata keçirmirlər" - deyə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib.

"Əgər Türkiyə öz siyasətini dəyişməsə, onda biz onun "F-35" proqramından çıxarılmasıyla bağlı müttəfiqimiz Türkiyə ilə əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik" - Endryus vurğulayıb.

Qeyd edək ki, iyunun 8-i Birləşmiş Ştatlar və Türkiyə arasında Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri ilə bağlı gərginlik pik nöqtəsinə çatıb. Pentaqon rəhbəri Patrik Şanahan (Patrick Shanahan) "F-35" tipli yeni nəsil qırıcılarla bağlı Türkiyə Müdafiə naziri Hulusi Akara məktub göndərib. Bununla da ABŞ Türkiyənin "F-35" qırıcıları proqramından çıxarılması yolunda ilk addımı atıb. Belə ki, Pentaqon rəhbəri Hulusi Akara yazdığı məktubda "F-35" tipli qırıcılarda təlim keçən türk pilotların 31 iyula qədər proqramdan ayrılacaqlarını və proqram çərçivəsində yeni təlim keçilməyəcəyini qeyd edib.

Məktubda, həmçinin qeyd olunur ki, Türkiyənin Rusiyadan "S-400" müdafiə sistemi almaqdan imtina etməməsi halında Türkiyənin "F-35" proqramından çıxarılmasına istiqamətlənəcək başqa addımların atılacağı da qeyd olunub.