BAKI, 1 iyul — Sputnik. "OPEK üzvlərinin çoxu İranın dostudur. Amma İran heç bir ölkəyə düşmənçilik etmədiyi halda, OPEK-in bir neçə üzvü böyük İran millətinə qarşı düşmənçilik edir".
Sputnik Azərbaycan İranın "Mehr" agentliyinə istinadla xəbər verir ki, bu sözləri İranın neft naziri Bijan Namdar Zanqane deyib.
İranın OPEK xaricindəki neft ixracatçısı ölkələrlə əməkdaşlığı dəstəklədiyini bildirən Zanqane qeyd edib: "OPEK-in ilk öncə öz üzvləri arasında razılaşma əldə etməsi lazımdır. Bəzi qonşularımızın İrana qarşı düşmənçiliyi yerə qoyub uzadılan dostluq əlimizi tutmaları daha yaxşı olar. OPEK-də birlik olmadan başqa bir mövzuya girmək faydasız bir jest olaraq qalacaq".
İranın neft naziri bildirib ki, bəzi OPEK üzvləri digər üzvlərin maraqlarını vurmağa çalışsa, OPEK çökər.
Qeyd edək ki, 1-2 iyul tarixlərində Vyanada OPEK-ə üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşü keçiriləcək. "OPEC plus" nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.
Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də Vyanada OPEK-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln. barrel azaldılması ilə bağlı razılıq əldə olunub. "Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2019-cu ilin I yarısında başa çatır.