BAKI, 29 iyun — Sputnik. Ağ Evdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trampın görüşünə dair açıqlama verilib.
Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, iki lider qarşılıqlı ticarətin inkişaf etdirilməsi, Suriyada ortaq hədəflərin həyata keçirilməsi və digər məsələləri müzakirə edib.
Açıqlamaya əsasən, Tramp Türkiyənin S-400 alması ilə bağlı narahatlığını dilə gətirib və Türkiyəni müdafiə sahəsində ABŞ ilə işləməyə təşviq edib.
Osakadaki G20 Liderlər Sammiti çərçivəsində Ərdoğan ilə görüşən Tramp S-400 böhranı ilə bağlı deyib: "Qarışıq bir məsələdir. Fərqli həll yolu axtarırıq. Ədalətli olmaq məcburiyyətindəsiniz".
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan almaq istədiyi S-400-lərin NATO ilə uyğun olmadığını və Türkiyənin də istehsal proqramında yer aldığı F-35 döyüş təyyarələrinin təhlükəsizliyini təhlükəyə atacağını söyləyib. ABŞ rəsmiləri Türkiyənin bundan imtina etməməsi halında sanksiyalarla qarşı-qarşıya qalacağını bir neçə dəfə dilə gətiriblər.
Ərdoğan deyib ki, əgər ABŞ Türkiyəni F-35 proqramından çıxarsa və sanksiya tətbiq etsə, F-35 proqramı ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcəklər.
Xatırladaq ki, iyunun 11-i ABŞ-ın Arizona ştatının "Lyuk" hərbi bazasında "F-35" tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıblar. Bu qərar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.