BAKI, 29 iyun — Sputnik. Türkiyənin "S-400" sistemlərini alması ilə bağlı məsələ "qəlizdir". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp səsləndirib.
"Biz bunu müzakirə edirik, – Tramp deyib. – Bu qəliz vəziyyətdir".
"Sözsüz ki, bu problemdir", - deyə ABŞ prezidenti əlavə edib.
Tramp vəziyyətlə bağlı günahı Barak Obama administrasiyasının üzərinə yıxıb.
"Bu qəliz vəziyyətdir, çünki Türkiyə prezidentinə "Patriot" raketlərini almağa icazə vermirdilər... Ona bu raketləri almağa Obama administrasiyası icazə vermirdi. Buna görə də o başqa raketlər aldı və birdən onlar dedilər ki, indi bizim raketlərimizi ala bilərsən. Belə iş aparmaq olmaz. Burada yaxşı heç nə yoxdur", - deyə Tramp bildirib.
Bir qədər əvvəl ABŞ bəyan edib ki, Ankara Rusiyadan "S-400" zenit-raket komplekslərini alsa "F-35" təyyarələri Türkiyəyə verilməyəcək. Türkiyə isə ABŞ-ın təhdidlərinə baxmayaraq "S-400"ləri almaq niyyətində olduğunu bildirib.
Bu zenit-raket komplekslərinin birinci partiyası ölkəyə iyul ayında çatdırılmalıdır.