CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mircəlal Kazımi: "Orqan transplantasiyası xəstəyə verilən bir şansdır"

“Böyrək transplantasiyası əməliyyatlarımız Amerika böyrək transplantasiyası Assosiasiyasının nəticələri ilə uyğundur və biz bununla fəxr edirik”
Sputnik

BAKI, 28 iyun — Sputnik. "Bu günə qədər 750-dən artıq orqan transplantasiyası əməliyyatı icra etmişik. Təbii ki, mən təkcə orqan transplantasiyası ilə məşğul deyiləm.

Azərbaycan cərrahları "göy körpə"ni sağaltdılar
Mən həm də ümumi cərraham, ona görə də, ən mürəkkəb sayılan qara ciyər, böyrək, mədəaltı vəzi, öd yolları üzərində aparılan ümumi cərrahi əməliyyatları Mərkəzi Gömrük Hospitalında uğurla icra edirik".

Bu barədə Sputnik Azərbaycan-a Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

O, qeyd edib ki, hospitala müraciət edən xəstələr arasında ağır vəziyyətdə və gecikmiş fazada xəstəxanaya çatdırılan xəstələr olur: "Orqan transplantasiyası əməliyyatı adi bir cərrahi əməliyyat qrupuna aid deyil, o, xəstənin ailəsi və həkimlər tərəfindən xəstəyə yaşamaq üçün verilən bir şansdır.

Bu, avtomobilin hər hansı xarab olmuş ehtiyat hissəsinin dəyişdirilməsi deyil. Təsəvvür edin, əməliyyat edirəm, qara ciyəri sirroza uğramış xəstənin hər hansı orqanı tamamilə yerindən sökülüb çıxarılır, onu başqa orqanla əvəz edirik və ya xəstəyə yeni böyrək köçürülür.

Xəstə yeni dərmanlar alır və dərmanlarla xəstənin bütün orqanizmi dəyişir. Bizim əməliyyat etdiyimiz xəstələr arasında məsələn, qara ciyər transplantasiyası əməliyyatı icra edilmiş xəstələrin 1 il həyatda qalması 85%, 3 il həyatda qalma faizi 72-76, 5 il həyatda qalması isə 65%-dir. Bu çox ciddi rəqəmdir".

Səhiyyədə saxta diplom problemi: Sağalsa, həkiməm, sağalmasa mən kiməm...

Həkim əlavə edib ki, böyrək transplantasiyası əməliyyatı icra edilmiş xəstələrin 1 il həyatda qalması 95-98%, yəni əməliyyat olunmuş 100 xəstədən 98-i həyatda qalır, həyatını normal orqanla davam etdirir, 2 il həyatda qalması 88-90%, 5 il həyatda qalması 75-78%-dir.

"Bu, artıq ciddi bir rəqəmdir və bütün dünyada qəbul olunub. Qara ciyər transplantasiyası proqramımız Avropa qara ciyər transplantasiyası reyestri tərəfindən tanınıb və biz ora üzv qəbul olunmuşuq. Böyrək transplantasiyası əməliyyatlarımız Amerika böyrək transplantasiyası Assosiasiyasının nəticələri ilə uyğundur və biz bununla fəxr edirik" – deyə Kazımi vurğulayıb.