BAKI, 25 iyun - Sputnik. Rusiyanın İnquşetiya Respublikasının başçısı Yunus-Bek Yevkurov istefa verdiyini bəyan edib. O bunu respublikanın milli televiziyası ilə yayımlanan müraciətində deyib.
Yevkurov 2008-ci ildən İnquşetiyaya rəhbərlik edir. Başçı öz addımını cəmiyyətdə birliyin olmaması, respublika və şəxsi maraqlar arasında seçim etmək məcburiyyətində qalması ilə izah edib.
"Gəlin cəsarət göstərək və deyək ki, biz hamımız - təmsil etdiyim hakimiyyət, ictimai, dini təşkilatlar bu gün birliyin olmamasına görə məsuliyyət daşıyırıq. Hər birimiz seçim qarşısındayıq: şəxsi maraqlar, yoxsa respublikanın maraqları", - Yevkurov bildirib.
Başçı istefa barədə Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəyini deyib. Yevkurovun səlahiyyətləri 2023-cü ildə bitirdi.