RUSİYA

Azərbaycanlının ölümündən sonra Rusiya şəhərinə "OMON" yeridildi

Meyit üzərində aparılmış araşdırmalar göstərib ki, azərbaycanlının ölümü digər bir şəxsin hərəkətləri nəticəsində yox, xəstəlik səbəbindən baş verib
Sputnik

BAKI, 24 iyun — Sputnik. İyunun 23-nə keçən gecə Rusiyanın Nijniye Sergi (Sverdlovsk vilayəti) şəhərində baş vermiş insidentdə azərbaycanlının ölməsindən sonra şəhərə "OMON" qüvvələri yeridilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

Baş prokurorun müavini Ağstafa qətliamından danışdı

Məlumata əsasən, hadisə məişət zəminində, şəhərdə yerləşən "PV Club" barının yaxınlığında baş verib.

Hadisə iştirakçıları iyunun 21-də baş vermiş davadan sonra barışmaq üçün "PV Club" barının yaxınlığında görüşmək qərarına gəliblər. Lakin barışıq baş tutmayıb və onlardan biri digərinə zərbə endirib. Məlumata əsasən, azərbaycanlı aldığı zərbə nəticəsində huşunu itirərək yerə yıxılıb. Hadisə iştirakçıları ona ilkin yardım göstərməyə çalışsalar da, kişi dünyasını dəyişib.

Sosial şəbəkələrdə hadisəni daha da şişirdərək azərbaycanlıların guya qisas olaraq rusları tutaraq döydükləri, zərbəni endirən şəxsin aparıldığı polis idarəsinə hücum təşkil etdiklərinə dair yazılar peyda olub.

Bu məlumatlar öz təsdiqini tapmayıb.

Ərazidə baş verə biləcək hər hansı bir iğtişaşın qarşısını almaq üçün iyunun 23-də şəhərə "OMON" qüvvələrinin yeridildiyi bildirilir.

Yerli azərbaycanlı diasporundan və Azərbaycanın Yekaterinburqda Baş Konsulluğundan hadisənin milli zəmində baş vermədiyini bildiriblər.

Artıq bu gün "OMON" qüvvələri şəhərdən çıxarılıb. Rusiyanın İstintaq Komitəsi bildirib ki, azərbaycanlının ölümü onun ürəklə bağlı problemləri ilə əlaqədardır. Meyit üzərində aparılmış araşdırmalar göstərib ki, azərbaycanlının ölümü digər bir şəxsin hərəkətləri nəticəsində yox, xəstəlik səbəbindən baş verib.