İDMAN

FİFA-dan İrana tələb: - Xanım azarkeşlər stadiona buraxılsın

Qonşu ölkədə hələ də qadınların stadiona getməsi günah sayılır
Sputnik

BAKI, 23 iyun — Sputnik. FİFA prezidenti Canni İnfantino İranda qadınların futbol oyunlarını canlı izləmək üçün stadionlara girişinə qadağa qoyulmasını sərt tənqid edib.

Platininin izi ilə: 2022-ci ilin futbol üzrə dünya çempionatı Qətərdən alına bilər

Sputnik Azərbaycan France24-ə istinadən xəbər verir ki, dünyanın ali futbol qurumunun lideri bununla bağlı sözügedən ölkə qarşısında konkret tələblər qoyub. Bu barədə İnfantinonun İran Futbol Federasiyasının prezidenti Mehdi Taca yazdığı məktubda bildirilir: "Təəssüf ki, 2018-ci ilin mart ayında ölkə prezidenti Həsən Ruhani, qadınların futbol oyunlarına getməsinə icazə ilə bağlı bizə söz versə də, vədinə əməl etmir. Bununla əlaqədar İran Futbol Federasiyasından və dövlət məmurlarından xahiş edirəm ki, 15 iyula qədər bütün ölkə vətəndaşlarının futbol oyunlarını canlı izləməsi üçün konkret addımlar atılsın. İran vətəndaşlarına və bu ölkədə yaşayan əcnəbi xanımlara yığma komandanın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarda azarkeşlik etməyə şərait yaradılmalıdır".

Qeyd edək ki, İranda 1979-cu il inqilabından sonra qadınların kişi idmançılar arasında təşkil olunan yarışları canlı izləməsi dövlət səviyyəsində qadağan olunub. İran prezidenti Həsən Ruhani məsələ ilə bağlı etiraz etmədiyini vurğulasa da, ölkənin baş prokuroru bunun qəti əleyhinə çıxaraq qadınların stadiona getməyini günah adlandırıb.