BAKI, 22 iyun - Sputnik. Gürcüstanda olan rusiyalı turistlərin sayı açıqlanıb.
Sputnik Gürcüstan-ın məlumatına görə, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze məlumat verib.
Onun sözlərinə görə, turoperatorlar tərəfindən Rusiyadan Gürcüstana gedən turistlərin sayı 5-7 min nəfərə yaxındır: "Bu rəqəm turizm şirkətlərinin müştəriləri olan turistlərə aiddir. Bundan başqa, sərbəst olaraq Gürcüstana gedən rusiyalı turistlər də var ki, onların sayı turoperatorlar vasitəsi ilə gedənlərin sayından ən azı 2-3 dəfə çoxdur".
Qeyd edək ki, Rusiya Dumasının üzvlərinin Tbilisidə beynəlxalq tədbirdə iştirak etməsi və PPA-nın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi gürcü ictimaiyyəti arasında böyük narazılıq yaradıb.
Bunun ardınca başlayan etiraz aksiyaları nəticəsində Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze istefa verib. 300-dən artıq etirazçı isə saxlanılıb. İndi etirazçılar daxili işlər naziri Georgi Qaxariyanın istefasını və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin isə ölkənin hava şirkətlərinə Gürcüstana sərnişin daşımalarının qadağan edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, iyulun 8-dən Gürcüstanla sərnişin daşımaları müvəqqəti qadağan edilir.