RUSİYA

Putin təcili Təhlükəsizlik Şurasını topladı

"Rusiya vətəndaşlarına xəbərdarlıq edin"
Sputnik

BAKI, 21 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Gürcüstandakı vəziyyəti müzakirə edib. Sputnik Gürcüstan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ekstremist elementlər tərəfindən rusiyalı parlamentarilərə qarşı rusofob təxribat çox təhlükəli hal kimi dəyərləndirilib", - deyə Peskov qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinə tövsiyə edilib ki, "Gürcüstana gedən və orada olan turistlər də daxil olmaqla ekstremist elementlərin hərəkətləri ilə bağlı mümkün təhlükə barədə Rusiya vətəndaşlarına xəbərdarlıq edilsin".

Tbilisidə olanlar Bakıdakı beynəlxalq tədbirə də təsir etdi

Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq dünən Bakıya səfərə gələn parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib. Qarşıdurma nəticəsində 305 nəfər Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, etirazlar zamanı 240 nəfər yaralanıb. Baş verənlərlə bağlı Azərbaycana səfərini yarımçıq qoyaraq Tbilisiyə qayıdan İrakli Kobaxidze ölkədə baş verən son hadisələr fonunda tutduğu vəzifədən istefa verib.

Gürcüstan Baş Naziri Mamuka Baxtadze isə bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.