Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 21 iyun — Sputnik. Artıq dördüncü aydır ki, növbəti tədris ili üçün şagirdlərin 1-ci sinfə elektron qəbuluna start verilib. www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılan qəbul prosesinə az müddətdir ki, başlanılmasına baxmayaraq, artıq paytaxtın bəzi məktəblərində 1-ci sinfə qəbul sorğusu yerləşdirmək üçün boş sinif tapmaq müşkülə çevrilib.
Xüsusilə Bakıətrafı qəsəbələrdə yerləşən məktəblərdə artıq indidən 1-ci sinif üçün yerlərin çoxu dolub. Boş qalan siniflər isə məktəblərdə pedaqoji qabiliyyətinə görə o qədər də fərqlənməyən, müəllimlərin işə qəbul imtahanlarında ən az bal toplayan müəllimlərin sinifləridir. Elektron qəbul sistemindəki vəziyyətdən görünür ki, əvvəlki illərdəki kimi, bu il də Bakıətrafı qəsəbələrdə yerləşən məktəblərin birinci siniflərində ciddi şagird sıxlığı yaşanacaq.
Qeyd edək ki, artıq bu məsələ illərdir ki, Bakıətrafı qəsəbələrdə yaşayanların probleminə çevrilib. 1-ci sinifdə 20 şagird olmalı halda yer sıxlığı üzündən məktəblərin 1-ci sinfində hər il 30-32 şagird təhsil alır. Yaranmış vəziyyət üzündən övladını başqa ərazilərdəki məktəblərə aparan valideynlər də az deyil.
Sputnik Azərbaycan paytaxt məktəblərində 1-ci sinfə qəbulda şagird sıxlığının hazırkı vəziyyətini araşdırıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda da 1-ci sinfə qəbulda Bakıətrafı qəsəbələrdə şagird sıxlığının yaşandığını rəsmi olaraq təsdiqləyiblər. Məlumatda bildirilir ki, Bakı şəhərinin bəzi ümumi təhsil məktəblərində şagird sıxlığı müşahidə olunur: "Bu da təbii ki, əhalinin demoqrafik vəziyyətindəki müsbət dinamika ilə bağlıdır. Məktəblərlə bağlı şagird sıxlığı Bakının mərkəzi hissəsindəki və Bakıətrafı qəsəbələrdəki bəzi məktəblərdə özünü göstərir. Qeyd edək ki, bu tendensiya əsasən Sabunçu, Xəzər və Binəqədi rayonlarında yeni salınmış yaşayış ərazilərində yerləşən məktəblərdə müşahidə olunur".
BŞTİ-dən bildirirlər ki, şagird sıxlığı ilə bağlı yaranan problemi həll etmək üçün son illərdə paytaxtda çoxsaylı yeni məktəblər və əlavə tədris korpusları inşa olunub: "Bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil infrastrukturunun inkişafı, eləcə də Bakı şəhərində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı mühüm sərəncamlar imzalanıb. Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə tədris alanların təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bütün bunlar nəticə etibarilə əhali artımı səbəbindən yaranan şagird sıxlığının azaldılmasına zəmin yaradır. Eləcə də birinci sinfə şagird qəbulunun elektron qaydada aparılması süni şagird sıxlığının tənzimlənməsinə imkan verir. Ümumilikdə, Bakı şəhərində süni şagird sıxlığının qarşısının alınması məqsədilə təxminən 10-15 faiz məktəblərdə ərazi prinsipi tətbiq edilir. Belə ki, ilk növbədə, həmin təhsil müəssisələrinin müəyyən olunmuş ərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Daimi qeydiyyatı olmayan valideynlərə isə məktəbdə sıxlıq olduğu halda, həmin ərazidə ərazi prinsipi tətbiq olunmayan digər məktəbləri seçmələri tövsiyə olunur. Növbəti tədris ilində I siniflərdə şagird sayı cari tədris ilində IV siniflərdə dərs deyən müəllimlərin dərs apardığı sinif otağının tutumuna uyğun olaraq müəyyənləşdirilir. Əlavə müraciətlər olduğu təqdirdə məktəbin şagird tutumu və kadr imkanları nəzərə alınaraq əlavə siniflər açılır".
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli, 03.08.2012-ci il tarixli qərarının 2.3.1-ci bəndinə görə, "Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sinif otaqlarının sahəsi 36-42 kvadrat metr olmaqla təşkil edilir. NK–nin 10 nömrəli, 19.01.2012-ci il tarixli digər qərarının 2.6.2-ci bəndinə görə eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otaqlarının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
Məlumat üçün qeyd edək ki, elektron sistem vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə qəbulla bağlı indiyədək 45 005 sorğu yerləşdirilib. Onlardan 41 871-i ümumi təhsil məktəblərini, 3 134-ü isə lisey və gimnaziyaları seçib.
Təhsil üzrə ekpert Kamran Əsədov da 1-ci sinfə qəbulda şagird sıxlığının artıq illərdir ki, Bakı şəhərinin mərkəzində və Bakıətrafında yaşayanların probleminə çevrildiyini söyləyir. Həmsöhbətimiz deyir ki, şagirdlərin 1-ci sinfə qəbulunun elektron yolla aparılması kifayət qədər müsbət addımdır: "Bu sistemin tətbiqi mükəmməl olsa da, paytaxtda şagird sıxlığı müəyyən problemlərə yol açır. Ümumi ölkə üzrə 1-ci sinfə hər il qəbul olan şagird sayı 165 min, Bakıda isə bu rəqəm 52 mindir. Ona görə də şagird sıxlığı Bakının mərkəzində və Bakıətrafı kənd və qəsəbələrdə daha çox müşahidə olunur. Bu da ondan irəli gəlir ki, paytaxtın mərkəzində yeni binalar tikildiyindən ərazi üzrə məktəblərə müraciət edənlərin sayı hər il artır. Yeni tikililərdə yaşayanlar ərazi üzrə qeydiyyatda olmasalar da, onlar yaşadıqları yer üzrə məktəblərə müraciət edirlər. Nəticədə şəhərin mərkəzindəki məktəblərdə sıxlıq yaranır. Bakıətrafında da əhalinin məskunlaşma sayı artır. Bu gün normaya görə müəllim başına düşən şagird sayı 8-9 olmalıdır. Amma Bakının mərkəzində bu rəqəm 11-14 təşkil edir. Problemin həlli yolları olsa da, tətbiqində çətinliklər var. Məsələn, Bakının mərkəzində məktəb tikməyə yer yoxdur. Məktəblərin ərazisi kiçik olduğundan, yeni korpusların inşası da mümkün deyil. Ona görə də çıxış yolu odur ki, məktəbləri hündürmərtəbəli edərək əlavə sinif otaqları yaradılsın. Yaxud da modul məktəblər quraşdırılsın".