BAKI, 20 iyun — Sputnik. Ötən gün keçirilən iclasda ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 2,25-2,5% səviyyəsində saxlayıb. FED həmçinin ABŞ-ın 2019-cu ildə ÜDM artımı üzrə proqnozunu 2,1% səviyyəsində saxlayıb, 2020-ci il proqnozunu isə 1,9%-dən 2%-dək artırıb.
FED-in son qərarının dünya bazarı və Azərbaycan iqtisadiyyatına təsirlərinin necə olacağı sualı doğurur.
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında mövcud durumla bağlı proqnozlarını açıqlayıb: "Ağ Ev və Tramp administrasiyası FED-dən faiz endirimlərinə gedilməsini tələb edirdi. FED-ə çox böyük basqı vardı. FED-dən faiz endiriminə gedilməsi tələb olunurdu. FED-in faizləri artıracağı halda Amerika iqtisadiyyatının zəifləyəcəyi, kreditlərin isə daha da bahalaşacağı fikri hakim idi. ABŞ prezidenti Donald Tramp bütün çıxışlarında bunu xüsusi olaraq vurğulayırdı".
Dünənki qərarın gözlənilən olduğunu vurğulayan ekspert bildirib ki, belə olan halda faiz endirimi ilə bağlı qərar verilmiş olsaydı, bu, böyük rezonans doğurardı: "Bu isə o deməkdir ki, ABŞ dünyadakı valyuta müharibələrinin gedişatında öz vəziyyətini daha da üstün tutmağa çalışır. Dolların məzənnəsinin getdikcə bahalaşmasından narahat olan Ağ Ev rəhbəri onun bir qədər ucuz qalmasına çalışır".
N.Cəfərli FED-in növbəti toplantıları ilə bağlı gözləntilərini də açıqlayıb: "FED-in toplantısının hər 45 gündən bir keçirildiyini nəzərə alsaq, yay aylarında elə bir ciddi qərarın verilməcəyini proqnozlaşdırmaq olar. FED tərəfindən adətən sentyabrda daha ciddi qərarlar qəbul olunur, buna görə də o ərəfədə payız endiriminin olacağını da ehtimal etmək olar. Bu baş verərsə, biz dolların daha da zəifləyəcəyini və indeksinin aşağı düşəcəyini müşahidə edəcəyik. Təbii ki, bütün bu amillərin ABŞ-ın ixracat potensialına müsbət təsir edəcəyi proqnozlaşdırıla bilər".
"Son qərarın dünya bazarlarına təsiri isə dünəndən başlayaraq özünü büruzə verir. Dolların başqa valyutalara qarşı məzənnəsində zəifləmə nəzərə çarpır", – deyə ekspert əlavə edib.
N.Cəfərli bu qərarın Azərbaycana təsirlərindən də söz açıb: "Ölkəmizdə tənzimlənən məzənnə rejimi olduğu üçün bu qərarın birbaşa da olmasa, dolayı yolla ölkəmizə təsirlərini müşahidə edəcəyik. Əsas təsirlər isə beynəlxalq qurumlardan götürülən kreditlərin faizlərində özünü göstərəcək. Bundan başqa, ucuz dollar amili neftin də bahalaşmasına səbəb olacaq".
"Artıq dünəndən etibarən bu bahalaşmanı müşahidə edirik. Ötən gündən etibarən neftin qiymətində 1.5 faiz artımın olması ölkəmizə pozitiv təsir göstərib", – deyə həmsöhbətimiz vurğulayıb.
Qeyd edək ki, 2018-ci ildə FED faiz dərəcəsini mart, iyun, sentyabr və dekabr aylarında olmaqla dörd dəfə qaldırıb. Sonuncu dəfə artım 0,25 faiz bəndi təşkil edib.