CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəzaçəkmə kameralarında sıxlıqdır: Avropalaşdırılmış cəza üçün sovet standartları

Azərbaycanın penitensiar müəssisələri sovet standartları ilə tikildiyi üçün müasir tələblərə cavab vermir
Sputnik

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Həddindən çox adamın yerləşməsi köhnə penitensiar müəssisələrin əksəriyyəti üçün xarakterikdir. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Hüquq Müdafiə Mərkəzinin, AR Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, BMT-nin eksperti Zəliha Tahirova deyib.

Azərbaycanda hakim məhkəmədə qandallandı

Hüquq müdafiəçisinin sözlərinə görə, azadlıqdan məhrumetmə yerləri əsasən sovet standartlarına uyğun tikilib. Baxmayaraq ki, hər bir məhbusun öz yataq yeri var, onların yerləşmə sahəsi müəyyən edilmiş limitdən aşağıdır. Qanunvericiliyin tələbinə görə, hər bir məhbus üçün 4 kvadratmetrlik yer ayrılmalı olsa da, hazırda cəmi 3 kvadratmetr yer düşür.

Hazırda Azərbaycanda 25 cəzaçəkmə müəssisəsi, o cümlədən, həbsxana, 3 istintaq təcridxanası, həmçinin 14 məntəqə tipli yaşayış müəssisəsi fəaliyyət göstərir.

Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov niyə Azərbaycanda məhbuslara yer çatmadığına belə aydınlıq gətirib: "Bu məsələyə iki yanaşma mövcuddur: minimalist və maksimalist. Minimalist yanaşma budur ki, məsələn, Asiya ölkələrində məhbuslar növbə ilə yatırlar. Hamıya yer çatmır. Bu, məhbusların sayının həddindən artıq çox olması ilə bağlıdır. Bizdə isə boş yataqlar var."

Bununla belə Zeynalov deyib ki, bir sıra penitensiar müəssisələrdə məhbusların sayı azdır. Limitə baxsaq, elə qənaətə gəlmək olar ki, həbsxanalarımız hətta bir qədər boşdur. Lakin müasir yanaşma ondan ibarətdir ki, penitensiar müəssisədə hər bir məhbusa düşən ərazi üçün konkret ölçü müəyyən edilib və o ölçüyə riayət edilməlidir.

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən penitensiar müəssisələr sovet dövründə tikilib. O vaxt üçün hər bir məhbusa 2,5 kvmetrlik yer nəzərdə tutulurdu. Bir neçə il əvvəl isə hüquq müdafiəçilərinin təzyiqləri nəticəsində məhbuslar üçün yaşayış sahəsi böyüdüldü. Hazırda azadlıqdan məhrum edilmiş hər bir sağlam məhbus üçün 4, hər bir xəstə məhbus üçünsə 5 kvadratmetr yaşayış sahəsi nəzərdə tutulur.

Zeynalov qeyd edib ki, nəticədə bu norma ilə bağlı praktiki olaraq şikayətlər var. Hazırda Avropa Komissiyasının tələblərinə uyğun olaraq, məhbuslar üçün bir kamerada 6 kvadratmetr yerin ayrılmasına cəhd edilir. Bunun üçünsə yeni cəzaçəkmə müəssisələri tikmək lazımdır.

"Dövlət prinsipcə düzgün mövqe tutub ki, birdəfəlik Avropa standartlarına cavab verən yeni həbsxanalar tikmək lazımdır. Digər tərəfdən, neftin hazırkı qiymətləri və inflyasiyanın səviyyəsini nəzərə alanda, azadlıqdan məhrumetmə yerlərinin tikilməsi ən axırıncı sırada yer alır" - deyə hüquq müdafiəçisi bildirib.

"Qaçqınkom" sədrinin nəvəsi qolu qandallı şəkildə məhkəməyə gətirildi

Digər hüquq müdafiəçisi, AR Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Şahin Camalov isə fərqli düşünür. Onun sözlərinə görə, əgər bir neçə il əvvəl cəzaçəkmə müəssislərində sıxlıq olurdusa, indi əksinə, məhbusların sayı xeyli azalıb və boşluq yaranıb. Bu gün 20 çarpayılıq kameralarda orta hesabla 15 məhbus qalır. İlham Əliyevin 2017-ci ildə verdiyi "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamdan sonra vəziyyət kökündən dəyişib.

"Son illərdə dövlət başçısının imzaladığı amnistiya aktları sayəsində bir çox məhbus azadlığa çıxdı, çoxlarının cəza müddəti azaldıldı. Bu, ilk növbədə cəzaçəkmə müəssisələrində məhbusların sayının azalmasına gətirib çıxardı" - deyə Camalov əlavə edib.