BAKI, 20 iyun — Sputnik. "Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adamöldürmə cinayətlərilə bağlı daim təhlillər aparılır".
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
Onun sözlərinə görə, bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir: "Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, cinayətlərin üstünün açılma faizi isə çoxalır".
R.Usubov Ağstafada ölümlə nəticələnən hadisə ilə bağlı danışarkən qeyd edib ki, ailələr arasında uzun müddət dava olub: "Vəzifəli şəxslər vaxtı ilə ailələrlə ciddi söhbətlər apararaq onları həmişə barışığa dəvət ediblər. Zamanında buna nail olunmuşdu. Nəticədə alınan cəzalar azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur".