CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı parklarında yeriyən təhlükə

Vətəndaşların küçə və parklarda buruntaqsız it gəzdirənləri məhkəməyə vermək hüququ var
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 iyun — Sputnik. Havalar isinəndən saxladığı ev heyvanlarını hərəkətin intensiv olduğu küçələrdə, parklarda gəzdirənlərin sayı artıb. Ev heyvanlarının, xüsusilə də itlərin qoruyucu ağızlığının – buruntağının olmaması isə paytaxt sakinləri üçün əməlli-başlı təhlükə yaradıb. Bu günlərdə Bakıda parkların birində azyaşlı uşaq it hücumuna məruz qalıb. Jurnalist Asif Nərimanlının oğluna parkda it hücum edərək qolunu dişləyib. Ananın övladını qorumaq məqsədilə çantasını itin üstünə atması isə heyvan sahiblərinin narazılığına səbəb olub. Jurnalist ağızlığı olmayan itlərin ictimai yerlərdə gəzdirilməsinin qanunla qadağan olduğunu bildirərək bu qadağaya məhəl qoyanın olmadığından gileylənib.

İtin başına göydən "daş" düşdü, amerikalılar dərhal məsələni nəzarətə götürdülər

Qeyd edək ki, ağızlığı olmayan heyvanların insanların sıx olduğu ictimai yerlərdə, parklarda gəzdirilməsi bir neçə dəfə buna bənzər hadisələrin baş verməsinə səbəb olub. Ötən il Sahil bağı yaxınlığında buruntaqsız gəzdirilən it bir qadına hücum etmişdi. Bu yaxınlarda isə "Tarqovı"da meymun onunla şəkil çəkdirmək istəyən gəncin qulağını dişləmişdi.

Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Xüsusi təhlükəli xəstəliklər üzrə epidemioloji nəzarət və müalicə-profilaktika sektorunun müdiri Kliment Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 9 mart 2011-ci ildə təsdiqlədiyi 38 saylı qərarı ilə ev heyvanları saxlayan şəxslər ərazinin epizooloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar: "NK-nın təsdiq etdiyi bu qərarda göstərilib ki, insanlar şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərini sərbəst gəzdirə bilərlər".

Lənkəranda quduz it 9 nəfəri dişləyib - FOTOLAR

Həmsöhbətimiz deyir ki, insanların sağlamlığının qorunması məqsədilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqla gəzdirməyə icazə verilir. K. Əsədov ev heyvanlarının hətta sərxoş vəziyyətdə olan şəxs tərəfindən gəzdirilməsinin də yolverilməz olduğunu söyləyir. Onun sözlərinə görə, vətəndaşların bu qaydalara əməl etməyərək küçə və parklarda buruntaqsız it gəzdirənləri məhkəməyə vermək hüququ var.

K. Əsədov bildirir ki, bəzən it cırmaqlamasına və dişləməsinə insanlar laqeyd münasibət göstərsələr də, bu, hər an ölümə səbəb ola bilər: "Ev heyvanları quduzluğa qarşı vaksinasiya edilsə də, it dişləməsi zamanı həmişə ehtiyatlı olmaq lazımdır. Quduzluq çox təhlükəli xəstəlikdir. Onun klinikası elədir ki, ölümlə nəticələnə bilər. Quduzluq xəstəliyi cırmaqlama, dişləmə yolu ilə heyvanın ağız suyu vasitəsilə keçə bilər. Ona görə də heyvan dişləyən şəxsə mütləq quduzluğa qarşı üç peyvənd vurulmalıdır. İnsanı dişləyən heyvan üç gün ərzində ölərsə, peyvənd davam etdirilir".

Göyçayda it dişləyən şəxs quduzluqdan öldü

Sektor müdirinin sözlərinə görə, quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Bu virusa yoluxmuş heyvanda dişləmək həvəsi yaranır. Ona görə də o, qabağına nə gəlsə onu dişləyir: "Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduzluq xəstəliyi insanın dərisində olan sıyrılmış, zədələnmiş yerə heyvanın tüpürcəyi vasitəsilə düşür və bu zaman xəstəlik baş verə bilər".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, ölkə ərazisində bu ilin ilk üç ayı ərzində 5 minə yaxın şəxs heyvan dişləməsi və cırmaqlamasından zərər çəkib. Ötən il ərzində isə 20 mindən artıq şəxs buna görə tibb müəssisələrinə müraciət edib.