BAKI, 14 iyun — Sputnik. Türkiyə Oman körfəzində tankerlərə hücumla bağlı hadisənin ciddi şəkildə araşdırılmasını istəyir. İranın ünvanına səsləndirilən tələsik ittihamlar narahatlıq doğurur. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Tankerlərə hücum narahatlıq doğurur. Biz heç kimi günahlandırmırıq, bu insidenti ciddi şəkildə araşdırmaq lazımdır. Lakin hadisə ilə bağlı İranın günahlandırılmasının sürəti narahatlıq doğurur. İrana qarşı sanksiyalar yalnız mülki iranlılara zərər vuracaq. Biz İranla qonşuyuq, onlarla iqtisadi əməkdaşlığı davam etdiririk", - nazir deyib.
Qeyd edək ki, ötən gün İran və Ərəb KİV-i "Front Altair" və "Kokuka Courageous" neft tankerlərinə hücumların edilməsi haqqında məlumat yayıb. Qeyri-rəsmi məlumatlara görə, torpedo hücumu nəticəsində gəmilərdə partlayış və yanğın baş verib. "Front Altair" ekipajının üzvlərini İran təxliyə edib. Rəsmi Vaşinqton hücumda Tehranı ittiham edib.
Birləşmiş Ştatların Mərkəzi komandanlığı (CENTCOM) məlumat yayaraq qeyd edib ki, Birləşmiş Ştatlar Oman körfəzində tankerlərə hücumdan sonra oraya "Mason (DDG 87)" raket esminesini göndərir.
Birləşmiş Ştatların Mərkəzi komandanlığının bəyanatında qeyd olunur ki, "Kokuka Courageous" tankerinin 21 üzvü ABŞ-ın digər esminesi "Bainbridge"in göyərtəsindədir.
"Biz ABŞ-ın "Bainbridge" esminesinin fəaliyyətinə olunan hər hansı müdaxiləyə dözməyəcəyik", - deyə "CENTCOM"dan bildirilib.
Bundan əlavə, komandanlıqdan qeyd olunub ki, İranla müharibə ABŞ və dünya birliyinin strateji maraqlarına cavab vermir, lakin amerikalılar və onların tərəfdaşları regionda gəmiçiliyin və ticarətin azadlığını müdafiə etməyə hazırdırlar.
Qeyd edək ki, ötən ilin mayında Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.
İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.
Buna cavab olaraq isə ABŞ hərbi gəmiləri Oman körfəzinə daxil olub. Aviadaşıyıcı zərbə qrupuna "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir.