Teymur Tuşiyev, Sputnik Azərbaycan
BAKI, 13 iyun — Sputnik. “Hər şeyi Azərbaycan yığmasının baş məşqçisinin üstünə yıxmaq olmaz, problem bütün Azərbaycan futbolunda mövcuddur”. Bu fikri SSRİ-nin əməkdar idman ustası, 1988-ci ildə Seulda keçirilən olimpiya oyunlarının çempionu, 2000-2001-ci ildə Azərbaycan komandasının məşqçisi olmuş İqor Ponomaryov Azərbaycanın futbol üzrə yığma komandasının Avro-2020-nin seçmə mərhələsindəki oyunlarını şərh edərkən deyib.
Futbol üzrə Azərbaycan yığması Avro-2020-nin seçmə mərhələsində "E" qrupda Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzub. İqor Ponomaryov Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycan futbolunun Avropa arenasındakı uğursuzluqlarının səbəbləri barədə fikirlərini bölüşüb.
- Məğlubiyyətin səbəbi nədir? Birincisi, Azərbaycan yığması oynamağa bu gün başlamayıb. Komanda UEFA-nın Millətlər Liqasında da uğursuz çıxış edib. Təbii ki, mənim üçün təəccüblü heç nə baş verməyib. Axı bu yığmanın ilk məğlubiyyəti deyil.
- Hər matçdan matça Azərbaycan yığması daha çox qol buraxır. Adətən komanda oyundan oyuna tərəqqi etməlidir, amma Azərbaycan yığması hər dəfə daha pis oynayır...
- Mənə elə gəlir ki, komanda bir neçə dəfə öz oyununa baxıb. Hücum üslubunda oynamağa qaçarkən müdafiədə oynamağı yaddan çıxarır. Əgər əvvəllər biz müdafiədə oynayırdıqsa, indi yığma hücum futbolu oynamağa çalışır. Hücumda da heç nə alınmır və biz top buraxmağı dayandırmırıq.
- Qəribə də olsa, müsbət məqam da var - hər oyunda komanda bir dənə qol vurur…
- Bu təbiidir. Rəqib bizim qapıya bir neçə qol vurub arxayınlaşandan sonra yığmamız niyə də 1 qol vurmasın?! Özü də son iki matçı Azərbaycan yığması ilə keçirən Macarıstan və Slovakiya komandaları mübarizə aparmalı normal rəqiblərdir. Bu komandalar Almaniya yığması deyil ki, bir dəfə də olsun qapıya qol vurmağa şans yaratmasınlar.
- Sizin fikrinizcə, Avro-2020-nin seçmə mərhələsində belə başlanğıcdan sonra Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç istefaya getməlidir?
- Yığmanın məşqçisi niyə? Onu axır məqamda götürüblər və onun hətta komanda ilə normal işləməyə vaxtı belə olmayıb. Hər şeyi məşqçinin üstünə atmaq düz deyil.
- Azərbaycan yığmasının uğursuzluqlarına görə kim günahkardır?
- Azərbaycan bütün bu son illər ərzində bir nəfər də olsun gənc futbolçu yetişdirməyib. Bizdə normal futbol klubu yoxdur. Sadəcə bir neçə klub var ki, öz gücünə nə isə etməyə çalışır. Onlar "Sabah", "Qarabağ" və "Qəbələ"dir. Bu klubları nəyin gözlədiyi məlum deyil. Bizdə normal çempionat yoxdur, regionlarda heç bir futboldan söhbət gedə bilməz. Azərbaycanda futbol sadəcə dayanıb və ildən-ilə daha da geri gedir. Azərbaycanın bütün regionlarında futbolun səviyyəsini qaldırmaq lazımdır, ən başda da uşaq futbolunu. Yalnız o halda beynəlxalq arenada nəyəsə nail olmaq olar.
- Azərbaycanda uşaq futbolunun inkişafından həmişə danışırlar...
- Danışmaq başqa şeydir, etmək başqa şey. Bununla məşğul olmaq və bunu düzgün etmək lazımdır. İllərdir bizdə futbol federasiyası fəaliyyət göstərir, amma biz bir dənə yüksək səviyyəli futbolçu tərbiyə edə bilməmişik.
- Avro-2020-nin seçmə mərhələsində Azərbaycan yığması üçün hər şeyin itirildiyini demək olarmı?
- Belə oyunla yığmamızın hansısa şansı ola bilərmi? Biz evdə keçirdiyimiz iki oyunda böyük fərqlə uduzmuşuq. Burada şansdan söhbət belə gedə bilməz. Komanda bu vəziyyətdə layiqli çıxış etməyə cəhd göstərə bilərmi?
- Yığmanın oyununda nəyi dəyişmək lazımdır ki, ləyaqətlə oynasın?
- Yaxşı olar ki, bu sualı baş məşqçiyə və Azərbaycan futboluna cavabdeh olan şəxslərə verəsiz. Biz milli futbolumuza baxan və onun taleyi üçün acıyan adi azarkeşlərik. Baxmayaraq ki, xalqımız futbolu sevir, amma ölkə çempionatının matçlarında stadionda futbola baxmağa kimsə olmur. Valideynlər uşaqlarını futbol məktəbinə aparsalar da, stadiona futbola baxmağa gəlmirlər. Belə vəziyyətdə nədən danışmaq olar ki?