CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda varlıların oynadığı klubdan - REPORTAJ

Klubun 200-ə yaxın üzvünün bir qismi, demək olar ki, hər gün buraya gəlir
Sputnik

Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva

BAKI, 13 iyun — Sputnik. Dünyanın əksər ölkələrində varlıların, elit təbəqənin oyunu kimi tanınan qolf artıq Azərbaycanda da populyarlaşıb. Ölkəmizə turist axını da bu oyuna marağı və tələbatı artırıb. Sputnik Azərbaycan-ın əməkdaşı Zığ Şosesində yerləşən "Dreamland Golf Club Baku"da olaraq qolf oyunu, burada yaradılmış şərait, qiymətlərlə maraqlanıb.

Bakıda varlıların oynadığı klubdan - REPORTAJ

Həftənin ilk iş günü olmasına baxmayaraq, klubda qolf həvəskarları az deyildi. Müşahidələrimizə görə, buraya gələnlərin çoxu əcnəbilərdir. Amma ara-sıra yerlilərə də rast gəldik. Müştərilərin çoxunun qolf çubuqları ilə gəlməsi onların bu oyunla uzun müddətdir maraqlandığından xəbər verirdi.

Klubun qolf ivent koordinatoru Sevda Əsgərova da bizimlə söhbətində əsas müştərilərinin əcnəbilər olduğunu təsdiqləyir. Onun sözlərinə görə, bir neçə il öncə burada qonaqları barmaqla sayırdılarsa, hazırda qolf klubuna axın var. Bu isə əlbəttə, səbəbsiz deyil...

Bakıda varlıların oynadığı klubdan - REPORTAJ

S. Əsgərova deyir ki, "Dreamland Golf Club Baku" paytaxtımızda fəaliyyət göstərən ən böyük qolf mərkəzidir. Onun sözlərinə görə, məkan 2015-ci ildən fəaliyyətə başlayıb, amma o, ölkəmizdə ilk deyil: "Azərbaycanda ilk qolf klubu 2014-cü ildə Qubanın Əski İqrığ kəndində yaradılıb. Azərbaycan Qolf Federasiyası (AQF) isə 2012-ci ildən fəaliyyət göstərir. Mənim ilk iş yerim də AQF, Azərbaycan Milli Qolf Klubu olub. Amma Bakıda o vaxtadək belə bir klub yox idi. Xaricdən gələn qonaqların da əksəriyyəti sırf qolf oynamaq məqsədilə Qubaya getməyə həvəsli deyildilər. "Dreamland Golf Club Baku"nun yaranması paytaxta gələn qonaqlara belə bir fürsət verdi. Təbii ki, bu məkan yeni fəaliyyətə başlayanda müştərisi çox az idi. Amma son bir ildir ki, buraya axın var. 200-ə yaxın üzvümüzün bir qismi, demək olar ki, hər gün buraya qolf oynamağa gəlir. Həftə sonu isə qonaq əlindən tərpənmək olmur. Paytaxta gələn əcnəbi turistlər də qolf oynamaq üçün bizim kluba üz tuturlar. Yarışlar keçiriləndə isə qonaqların sayı daha da artır".

Sevda xanımın sözlərinə görə, buradakı qolf oyunçularının çoxu İngiltərə, Koreya və digər xarici ölkələrin vətəndaşlarıdır: "Onların əsas hissəsi Bakıda işləyən əcnəbilərdir. Amma son vaxtlar bizim kluba turistlər də çox gəlirlər".

Bakıda varlıların oynadığı klubdan - REPORTAJ

66 hektarlıq qolf sahəsində 18 dəlik mövcuddur. Koordinator bildirir ki, şərait yüksək səviyyədədir: ot örtüyü qolf oyunu üçün bütün tələblərə cavab verir.

Söhbət zamanı öyrənirik ki, buraya qolf barədə məlumatsız insanlar da gəlirlər. Amma bu, heç də problem deyil. "Dreamland Golf Club Baku"nun öz akademiyası var: "Öyrənmək istəyənlərə qolf mütəxəssislərimiz dərs keçirlər. Dərslərin qiyməti isə mütəxəssisin səviyyəsinə görə dəyişir. Əgər siz fərdi qolf dərsləri almaq istəyirsinizsə, 50 dəqiqəlik dərsin qiyməti PGA (Peşəkar Qolfçular Assosiasiyası - red.) mütəxəssisi, TPİ (Titlist Performans İnstitutu - red.) qolf məşqçisi ilə 150 manata başa gələcək. Buraya ingiliscə izah da daxildir. Yalnız PGA mütəxəssisilə ingilis və rus dillərində 50 dəqiqəlik kurslar 110 manat təşkil edir. 1-ci dərəcəli qolf məşqçisi ilə dərs 50 manatdır. 1 həftəyə PGA mütəxəssisi, TPİ qolf məşqçisi ilə qolf dərsləri isə 1450 manata başa gəlir".

Bakıda varlıların oynadığı klubdan - REPORTAJ

Burada qolf dərslərini qrup tərkibində almaq da mümkündür. Bu zaman qiymətlər fərqli olur. 1 saatlıq başlanğıc qrup dərsi maksimum 6 nəfərlə  PGA mütəxəssisi, TPİ qolf məşqçisi ilə keçirilir. Eyni zamanda, uşaqlar üçün də 50 dəqiqəlik dərs keçilər bilər.

S.Əsgərovanın sözlərinə görə, daha aşağı qiymətli dərslər də var - burada məşqçinin nəzarəti ilə 55 top vurulur. 

Qolf oynamağı bacaranlar isə oyun üçün pulu dəlik hesabına görə ödəyirlər: "Buraya gələnlər ya 18, yaxud da 9 dəlik oynayırlar. Bunların qiyməti də fərqlidir".

Əgər siz hansısa pulu ödəyib birinci dəfədən qolf oynamağa başlayacağınızı düşünürsünüzsə, yanılırsınız. Çünki qolf oynamağa ilk başlayanlar mütləq qolf üçün zəruri avadanlıqları almalıdırlar. Bunlar isə qolf zopa dəsti, araba, əlcək və sairədir.

Bakıda varlıların oynadığı klubdan - REPORTAJ

Həmsöhbətimiz deyir ki, qolf sahəsində ot örtüyünün ölçüsü müxtəlif olduğundan bir çubuqla qolf topunu vurmaq mümkün deyil. Odur ki, 14 ədədlik qolf zopa dəstini götürmək vacibdir. Amma iş bununla da bitmir. Qolf oyunu üçün meydana atılanların bu çubuqları və qolf toplarını daşıması üçün mütləq bir arabası da olmalıdır. Qolf arabalarının kirayə qiyməti də fərqlidir: elektriklilər 35 manat, sadələr isə 20 manat. Sevda xanım deyir ki, qolf oynamağı sevənlərin çoxu sahədə piyada gəzməyə üstünlük verir. 

"Dreamland Golf Club Baku"nun "Golf shop"unda çubuq, araba, köynək, şort, əlcək və sairə də satılır. Qiymətlər isə məhsulların firmasına görə dəyişir. S. Əsgərova deyir ki, qolf həvəskarlarının çoxu həm "Golf shop"da, həm də oyunun qiymətində endirim əldə etmək üçün üzvlüyə yazılıblar: "Belələri il ərzində limitsiz oyun, yəni gündəlik 18 dəlik oynamaq imkanı əldə edirlər. Eləcə də restoranda və mağazada endirim fürsətindən yararlana bilirlər". 

Bakıda varlıların oynadığı klubdan - REPORTAJ

Həmsöhbətimiz bildirir ki, mövsümə görə qiymətlər yayda bir qədər baha olur.

Ancaq gördüyümüz qədərilə, qiymətlər müştərilərin halına elə də ciddi təsir etmir. Elə qolf oynayarkən söhbətləşdiyimiz Leona Paterson və Paula Robertson kimi. Hər ikisi qolfun vətəni sayılan Şotlandiyadan gəlib. Xanımlar, demək olar ki, hər gün qolf oynamaq üçün bu məkana gəldiklərini deyirlər. Onlar bu gün tək olsalar da, həftə sonu buraya həyat yoldaşları ilə birgə gəlirlər. Dediklərinə görə, Azərbaycanda qiymətlər xarici ölkələrlə müqayisədə elə də baha deyil. Həyat yoldaşları Bakıda işləyən Paterson və Robertson sevdikləri oyun üçün paytaxtımızda yaradılan belə bir şəraitin olmasını müsbət qiymətləndirirlər.

Biz isə qolfun zadəgan oyunu olduğu barədə söylənənlərin heç də yanlış olmadığı düşüncəsi ilə qolf klubunu tərk edirik.  Elə "Xəyal adası"na gələrkən qolf oynamağı xəyalımızda canlandırdığımız kimi…