İQTİSADİYYAT

Tramp çinli həmkarını hədələdi: Gəlməsən yeni rüsumlar tətbiq edəcəyik

ABŞ Prezidenti yeni rüsumların dərhal tətbiq ediləcəyini deyib
Sputnik

BAKI, 11 iyun — Sputnik. Prezident Donald Tramp bəyan edib ki, əgər çinli həmkarı Si Tsinpin "Böyük İyirmilər"in Osakada keçiriləcək sammitinə gəlməsə ABŞ dərhal Çin məhsullarına yeni rüsumlar tətbiq edəcək.

ABŞ-Çin müharibəsi Qafqaza nə vəd edir

Sputnik Azərbaycan xəbər verir ki, Tramp bu bəyanatını "CNBC"yə danışarkən verib.

Mayın ortalarında ABŞ-Çin ticarət danışıqlarının sonuncu raundu Çindən gələn mallara rüsumların qalxması fonunda nəticəsiz başa çatmışdı. O zaman ABŞ rüsumları 10%-dən 25%-ə dək artırmışdı.

Tramp həmçinin Çindən gələn və təqribən 300 milyard dollar dəyərində olan bütün digər idxalata qarşı rüsumların artırılması prosesini başlatmağı tapşırmışdı.

Cavab olaraq isə Çinin maliyyə nazirliyi bildirib ki, Pekin iyunun 1-dən etibarən ABŞ-dan gələn 60 milyard dollar dəyərində malın idxal rüsumunu artırıb.

"Böyük İyirmilər"in sammiti 29 iyunda Osakada keçiriləcək.