CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rezonans doğuran videonun izi ilə: “Qaloş piri”ndə nələr olur – FOTO

İlahiyyatçı alim: “Yardım istəyərkən biz mütləq bu yardımı Allahdan istəməliyik”
Sputnik

Zülfiyyə Quluyeva, İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 10 iyun — Sputnik. Əsrlər keçsə də, Azərbaycanda pirlərə, ziyarətgahlara inam azalmır. Hətta bu inam o qədər güclüdür ki, insanlar ziyarətgaha çevirdikləri bu məkanlarda seyidlərin, övliyaların istifadə etdiyi əşyaların belə onlara təsir etmək gücünə inanırlar. İnsanlar hələdə şəfanı həkimdə, nicatı isə elmdə tapmaq əvəzinə, belə yerlərə üz tuturlar.

Dünən sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər isə elm-texnikanın sürətli inkişafına baxmayaraq, bu inamın hələ də qaldığını əyani sübut etmiş oldu. Ötən gün sosial şəbəkələrdə "Qaloş piri" adilə yayılan video da ölkədə ciddi rezonans doğurub. Videoda pirə gələn insanların şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün büstə əl sürtdüyü, pir yiyəsinin isə onların üzərinə hansısa əşyanı sürtdüyü görünür. Pir yiyəsi ona yaxınlaşan insanların ağzına nəsə qoyur. Sosial  şəbəkə istifadəçilərinin əksəriyyəti insanların başına sürtülən əşyanın qaloş olduğunu yazıb.

Sosial şəbəkələrdə “Qaloş piri”ndə pul yığılması da kəskin tənqid edilib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri məsələni araşdırmaq üçün videonun çəkildiyi Goranboy rayonunun Qurbanzadə kəndində olub.

Məlum olub ki, insanlar videonun çəkildiyi məkana 47 il əvvəl iyunun 8-də vəfat etmiş Mir İbiş adlı şəxsin növbəti anım mərasimində iştirak etmək üçün yığışıblar. Seyidin nəvəsi Mirismayıl Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlamasında bu ocağın 100 ildən artıq mövcud olduğunu, insanların həmişə inanaraq bu ocağa ziyarətə gəldiklərini bildirib.

Rezonans doğuran videonun izi ilə: “Qaloş piri”ndə nələr olur – FOTO

O, sözügedən videonun isə babasının il mərasimindən çəkildiyini deyib.

"Babam Miribiş ağa 1972-ci ildə iyun ayının 8-də vəfat edib. 47 ildir biz onun anım gününü qeyd edərək ehsan süfrəsi açırıq. Bu məclisə heç kim xüsusi olaraq dəvət olunmur. Azərbaycanın bütün bölgələrindən inanan, tanıyan insanlar gələrək həmin günü seyidin ocağında keçirmək istəyir. Məsələn, bu il ayrı-ayrı yerlərdən 2 mindən artıq insan bu mərasimdə iştirak etmək üçün gəlmişdi" – deyə iddia edib.

Rezonans doğuran videonun izi ilə: “Qaloş piri”ndə nələr olur – FOTO

O, bu mərasimin təşkil edilməsinin xərclərini seyidin nəvələri tərəfindən çəkildiyini, bir hissəsinin isə ziyarətə gələn insanların gətirdiyini bildirib: “Orada yazırlar ki, biz bundan qazanc məqsədilə istifadə edirik. Amma heç oradan yığılan pullar 500 adamın ehsanını görmür. 1500 adamın ehsan pulunu biz özümüz ödəmişik".

Mirismayıl Məmmədov insanların başına qaloş çəkilməsini isə şər və böhtan adlandırıb: “Orada çəkilən videoda görünən və sosial şəbəkə istifadəçilərinin qaloş zənn etdiyi əşya babamın papağıdır. Təxminən 80-90 ilin papağıdır. 2 min insan o papağa əl sürtsə, papaq tamamilə sıradan çıxar. Buna görə onu sellofan torbaya bükmüşdük”.

Rezonans doğuran videonun izi ilə: “Qaloş piri”ndə nələr olur – FOTO

Seyidin nəvəsi deyir ki, ümumiyyətlə gələn insanlar ağanın istifadə etdiyi əşyaları görməyi, onlara toxunmağı tələb edirlər. Çoxları bu əşyaların kəraməti haqda eşitdiklərindən, onların seyidin nəvəsi tərəfindən üstlərinə sürtülməsini istəyirlər.

Mirismayıl Məmmədov videoda görünən büstün babasının büstü olduğunu bildirib: “Biz xüsusi olaraq hazırlamamışıq, bir nəfər hazırlatdırıb, bizə hədiyyə edib”.

O, mərasim zamanı bəzi insanların ağzına nəsə qoyulmasına da aydınlıq gətirib: “Ziyarətə gələnlərin bəziləri özləri ilə konfet, şirniyyat gətirilər. Biz də bu şirniyyatları büstün yanında stolun üzərinə qoyuruq. İnsanlar büstə yaxınlaşanda da, onlara şirniyyat, konfet veririk”.

Rezonans doğuran videonun izi ilə: “Qaloş piri”ndə nələr olur – FOTO

Maraqlısı odur ki, Mirismayıl Məmmədov babasının 90 ildən qalma papağının insanlara şəfa verdiyinə, onların arzularını həyata keçirdiyinə özü də inanır, bizi də inandırmağa çalışırdı. Bu zaman o, bundan qazanc əldə etmədiklərini iddia edir, bəzən insanların belə mərasimlərdə pul verdiklərini bildirir.

Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov da bu məlumatları təsdiq edərək, insanların başına çəkilən əşyanın Seyid Miribiş ağanın papağı olduğunu deyib: “O görüntülər seyidin ölümünün ildönümündə çəkilib. Videoda büstün yanında papağı insanların başına sürtən isə nəvəsi Seyid Xəlildir”.

Rezonans doğuran videonun izi ilə: “Qaloş piri”ndə nələr olur – FOTO

İlahiyyatçı alim Elşad Mahmudov deyir ki, İslamın əsas ehkamı, Allahı tanımaq, ona inanmaqdır. Bu prinsip pozulduqda, islamla əlaqədar hər şey pozulur: "İslamda, "Qurani-Kərim"də, peyğəmbərimizin hədislərində, uca yaradıcının Allah olduğu bildirilir. Yardım istəyərkən də biz mütləq bu yardımı Allahdan istəyirik. "Fatihə" surəsində də, biz Allaha ibadət etdiyimizi və ancaq Allahdan kömək istədiyimizi deyirik. Yəni insana kömək edən yeganə varlıq Allah Təaladır. İslam əqidəsində hər bir şey Allaha istiqamətləndirilməlidir. Yardım istəyəcəymiz tək ünvan da məhz Allahdır. Buna baxmayaraq çox təəssüf ki, əsrlər öncə də, bu gün də insanlar pirlərdən, ziyarətgahlardan kömək diləyir. Mən deyərdim ki, bu cəhalətdir, bir qədər sərt desək hətta Allaha şərik qoşmaqdır. Bu isə İslamda ən böyük günahdır. İnsanı İslamdan və müsəlmançılıqdan çıxartmaqdır. Biz dünən belə bir biabırçı videonun şahidi olduq. Pirdə bir nəfər insanların bədəninə ölmüş birinin əşyasını sürtərək guya onlara şəfa verir. Çox təəssüf ki, cəmiyyətdə hələ buna inananlar qalmaqdadır. İnsanlar bilməlidirlər ki, ölmüş birinin əşyasının insana heç bir təsir gücü yoxdur".

Ədalət, səxavət və ibadət üzərində bərqərar olmuş ziyarətgah

E. Mahmudov deyir ki, bunun qarşısını almaq üçün insanları maarifləndirmək, İslamın təməl prinsiplərini cəmiyyətə izah etmək lazımdır: "Amma deyim ki, bu o qədər də asan deyil. Əsrlər boyu Azərbaycanda pirlərə, ziyarətgahlara inam formalaşıb. Bu inancı ortadan qaldırmaq çox çətin məsələdir. Hətta biz ilahiyyatçılar da bu zaman çox çətinlik çəkirik. Biz "Qurani-Kərim"dən, hədislərdən nümunələr gətirdiyimiz zaman xalq deyir ki, biz ata-babadan bunu görmüşük. Bəzən bu sözləri dilə gətirərkən bizə təyziqlər də olur. Təəssüflər olsun ki, insanlar hələ də əsrlərdən qalan inancları qəbul edirlər".

Həmsöhbətimiz bildirir ki, insanların pirlərə, ziyarətgahlara gedib orada hansısa əşyada şəfa axtarması gülüncdür: "Bu, insanların müqəddəsləşdirilməsi ilə bağlıdır. Zaman-zaman insanlar arasında müdrik insanlar yaşayıb. Onlara cəmiyyətdə böyük hörmət olub. Həmin insanların çoxu dindar olub, Allah dostu sayılıblar. Elə bu amillərə görə, onlar sağ ikən insanlara bir örnək olublar. Bu gün problem, o ziyarətgahlarda dəfn olunan insanlarda deyil. Onları müqəddəsləşdirən da, tanrılaşdıran zehniyyətdədir. Bir insan öldükdən sonra günümüzə onun heç bir təsiri yoxdur. Heç bir zaman ölməyən varlıq Allahdır. Ona görə də, diləklərimizi Allahdan istəməliyik. İnsanları öldükdən sonra müqəddəsləşdirmək, onlardan, şəfa, yardım istəmək, hətta onların üzərində qurban kəsib nəzir-niyaz etmək düzgün deyil. Bu İslamın təməl prinsiplərinə ziddir".

E. Mahmudovun sözlərinə görə, sosial şəbəkələrdə yayılan bu video, pirlərə inamı əks etdirən görüntülərdən biridir. Əslində isə Azərbaycanın bölgələrində, eləcə də paytaxtda onlarla belə pirlər, ziyarətgahlar var: "Qeyd edim ki, bu məkanların heç birinin İslamla əlaqəsi yoxdur. Bu, yerli inanclardır. Elə pirlər var ki, subay qızlar o pirlərin qapısını açıb-bağlayırlar ki, bəxtləri açılsın. İnsanlar xəstələnən zaman da özlərini pirlərdə, ziyarətgahlarda daşlara, dəmirlərə, mərmərlərə sürtürlər. Halbuki, o daşların, dəmirlərin insanlara şəfa verəcək bir gücü yoxdur. Yaxud da, pirlərdə, ziyarətgahlarda "tavaf" (ətrafında dolanmaq) edirlər. İslamda ancaq tavaf etmək Kəbədə buyrulur. Ondan başqa heç bir yer tavaf edilməz. 

Sirli ziyarətgah: onu böyük daşqından kim qorudu?
Bunlar hamısı cəhalətdir. Azərbaycanda dini etiqad azadlığı olduğu üçün insanlar belə məkanlara gedə, inana bilər. Dövlət bunun təminatçısıdır. Amma İslam nöqteyi-nəzərindən İslamla əlaqəsi yoxdur. Allaha şərik qoşmaqdır. Çox təəssüf ki, bəzi insanlar belə pirlərdən insanların cahilliyindən istifadə edib qazanc məqsədilə yararlanırlar".

Qeyd edək ki, yayılmış video ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli də açıqlama verib. O, bildirib ki, belə inancların dinə qəti şəkildə aidiyyatı yoxdur. Bunların hamısı xurafat və mövhumat, sağlam məntiqə sığmayan əməldir: "Ziyarətlərin olması normal haldır, çünki istənilən ölkədə ziyarətgahlar var. İnsanlar da ora gedib xeyirxah və məntiqə sığan işlər görürlər. Lakin bu şəkildə "ibadət formaları" dinin adına ləkədir. "Qurani-Kərim" insanları düşünməyə, təfəkkürə dəvət edir. İbadətin formaları hədislərdə ifadə olunur. Bu şəkildə ibadət isə heç bir vəchlə qəbuledilməzdir. Məzar üstündə dua oxuna, fatihə verilə, hədiyyə namazı qılına bilər. Lakin bu kimi əməllər dinimizi gözdən salır".