BAKI, 10 iyun — Sputnik. Amerika Birləşmiş Ştatlarının döyüşə hazır "B-1B Lancer" strateji bombardmançılarının sayı hazırda "barmaqla sayılacaq qədərdir".
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu haqda "Air Force Times" qəzeti Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi tərəfindən yayılmış məlumata istinadən yazır.
Məqalədə bildirilir ki, bu baxımdan ABŞ-ın uzaq məsafəli aviasiyasının zərbə endirmək imkanları təhlükə altındadır.
"B-1B Lancer"lərin pis vəziyyəti onların yaşı ilə bağlıdır. Bu bombardmançılardan sonuncusu 31 il əvvəl istehsal edilib.
Həmçinin qeyd edilir ki, təyyarələrin saxlanılması üçün zəruri resurslar yoxdur.
Konqresin alt komitələrindən birinin verdiyi məlumata görə, "B-1B" ilə bağlı vəziyyət elə səviyyəyə gəlib çıxıb ki, təlim üçün kifayət qədər təyyarə olmadığından onların ekipajları digər təyyarələrə köçürülür.
"B-1B" səsdən sürətli strateji bombardmançıdır. ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan üç ağır bombardmançıdan biri olan "B-1B" strateji hədəfləri nüvə və ya adi silahla vurmaq üçün nəzərdə tutulub.
Bu təyyarələr ABŞ tərəfindən Əfqanıstanda, İraqda və Suriyada istifadə olunub. ABŞ-ın ümumilikdə bu təyyarədən 62-nin sahibi olduğu bildirilir.