Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 9 iyun - Sputnik. Lənkəranda qaz sızmasından partlayış baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi xəbərə əsasən, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.
1979-cu il təvəllüdlü Girdəni kənd sakini Hədiyyə Salman qızı Hadıyevanın yaşadığı evdə mebellərini yerini dəyişdirildikdən sonra qaz sobasının açarı açıq qalıb. H.Hadıyeva yeməyi qızdırmaq istəyərkən qaz sobasını alışdıran zaman anidən partlayış baş verib, nətcədə o və yaxınlığındakı oğlu, 2010-cu il təvəllüdlü Yusif Anar oğlu Hadıyev yanıq xəsarətləri alıblar. Partlayış zamanı oğlunu yanğından qorumaq istəyən Hədiyyə Hadıyeva özünü övladının üzərinə atıb.
Xoşbəxtlikdən otağın pəncərələri açıq olub və partlayışın miqyası və fəsadları böyük olmayıb. Xəsarət alan ana və oğlu isə yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 3-cü dərəcəli yanıq xəsarətləri alan H.Hadıyeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, 2-ci dərəcəli yanıq xəsarətləri alan Y.Hadıyevə isə ilkin tibbi yardım göstərilib və o evə buralıxılıb.