Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 6 iyun — Sputnik. Prezident İlham Əliyev bir müddət öncə I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-a açıqlama verən professor, ADA Universitetinin müəllimi, hüquqşünas Elnur Eyvazovla bu sərəncamın fiziki məhdudiyyəti olan şəxslərə, onların isə cəmiyyətimizə verəcəyi töhfələrdən danışıb: “Belə şəxslərin asılılığının azaldılması, müstəqilliyi üçün bu cür addımların atılması təqdirəlayiqdir. Bu sərəncam fiziki məhdudiyyəti olan şəxslərə ali təhsil almaq və gələcəkdə işlə təmin olunmaq imkan verir. Fiziki məhdudiyyəti olan şəxslərin ali təhsil alması həm də gələcəyə yatırımdır. Çünki gələcəkdə bu şəxslər işləyib vergi ödəyəcək, özlərini təmin edə biləcəklər. Artıq bu zaman dövlətin üzərində elə də böyük məsuliyyət olmayacaq”.
“Həmin sərəncamla təhsil almaq imkanı belə şəxslər üçün də əlçatan olacaq. Çünki bunadək onlar ucuz başa gəldiyi üçün ali təhsillərini xaricdə almağa üstünlük verirdilər” – deyə həmsöhbətimiz əlavə edib.
Onun sözlərinə görə, hazırda ADA-da belə tələbələrin sayı 12-dir: “ADA-da çalışırıq ki, hamı üçün bərabər imkanlar yaradaq. ADA-da təqaüdlər yüksəkdir. Burada valideynləri olmayan tələbələr də pulsuz təhsil almaq imkanına sahibdir. Hətta valideynləri I yaxud II qrup əlil olan şəxslər də müraciət etdikdə onlar üçün universitet tərəfindən imkanlar yaradılır. Ötən il də universitet rəhbərliyi səviyyəsində fiziki məhdudiyyəti olan şəxslərin təhsil haqqında azad edilməsi də müzakirə edilib”.
E.Eyvazov məktəblərdə də bu cür şəxslərə dəstəyin, avadanlıqların olmasının vacibliyindən söz açıb: “Fiziki məhdudiyyətli şəxslər üçün məktəblərdə cihaz, avadanlıqlar, xüsusi kompüterlər olmalıdır. Bundan başqa məktəblərdə bu cür uşaqlarla davranmaq üçün müəllimlər və psixoloqlara təlimlər keçirilməlidir”.