İQTİSADİYYAT

İlham Əliyev Energetika Nazirliyinə bir il vaxt verdi

Prezident energetika sektorunda islahatların sürətləndirilməsi haqqında sərəncam imzalayıb
Sputnik

BAKI, 29 may - Sputnik. Prezident İlham Əliyev Azərbaycann energetika sektorunda islahatların sürətləndirilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini on iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlik elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Energetika Nazirliyi və "Azərenerji" birgə məlumat yaydı

"Energetika Nazirliyi ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədi ilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bu sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərinin həllinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir" - sərəncamda deyilir.

Rusiya və İran Azərbaycan vasitəsilə elektrik şəbəkələrini birləşdirəcək

Sərəncama əsasən, Nazirlər Kabineti Energetika Nazirliyinin təklifləri əsasında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası qanunlarının layihələrini, habelə “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələrini hazırlayıb on iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Həmçinin hökumət bu sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.