CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

HİV-lə doğulan uşaqların sayı açıqlandı

"5 yenido ğulmuş körpədə HİV aşkarlanıb" - Afət Nəzərli
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. "2011-2017-ci ildə HİV daşıyıcısı olan anadan doğulmuş uşaqların cəmi sayı 478 olub. Hamiləlik dövründə ARV profilaktika alan qadınların dünyaya gətirdiyi 194 uşaqda HİV-ə görə nəticələr neqativ olub. Yəni bu uşaqlarda QİÇS aşkarlanmayıb. Yalnız 5 yenidoğulmuşda HİV aşkarlanıb. Bunun da səbəbi anaların müalicəyə gec başlaması ilə əlaqədardır". 

Cinsi əlaqə zamanı QİÇS-ə yoluxma təhlükəsi aradan qalxacaq

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli deyib.

O bildirib ki, 2011-2017-ci illərdə HİV statusu müəyyən olunmayanların sayı 136 nəfər olub.

A.Nəzərli belə anaların dünyaya gətirdiyi körpələrin də müvəqqəti qeydiyyatından söz açıb: "Bizdə qeydiyyatda olan və müalicə alan anaların dünyaya gətirdiyi körpələr 18 ay ərzində mərkəzimizdə müvəqqəti qeydiyyatda olurlar. Onların analiz nəticələri neqativ olduqdan sonra onlar qeydiyyatdan çıxarılır. Ümumilikdə isə illər üzrə müqayisəyə baxdıqda anadan övladına HİV-in ötürülmə statistikasının demək olar ki, sıfır olduğunu görə bilərik".

"14 yaşınadək olan belə uşaqların sayı 1987-2017-ci illərdə ümumilikdə 134 olub. Bu yaşlarda da virusa yoluxanların sayında azalma nəzərə çarpır. Qeyd edim ki, 2016-cı ildə ilk dəfə olaraq virus aşkarlanan belə uşaqların sayı 10 nəfər, 2017-ci ildə isə 14 nəfər olub" – deyə şöbə rəhbəri əlavə edib.

Onun sözlərinə görə, bu uşaqlar daha öncəki illərdə doğulanlar olub: "Bu uşaqlar 2017-ci ildə doğulan körpələr deyil. Çünki biz qeyd edirik ki, HİV-lə doğulan körpələrin sayı sıfıra enib. Həmin o 14 uşaq isə daha öncəki illərdə bu virusa yoluxmuş anadan dünyaya gələnlədir".

A.Nəzərli sevindirici hal olaraq vurğulayıb ki, ötən il ərzində və cari ildə doğulan körpələr arasında HİV aşkarlanmayıb.