HADİSƏ

Güclü külək və dolu fəsadlara səbəb oldu - FOTO

Qəbələ və İsmayıllıda 350-yə yaxın ağac kökündən çıxıb
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. İki gündür davam edən güclü yağış və qasırğa Qəbələ rayonunda bir sıra fəsadlara yol açıb. Rayon mərkəzi və kəndlərində qasırğa nəticəsində ağaclar qırılıb, asfalt örtüyü sıradan çıxıb, bir sıra evlərə və şəxsi təsərrüfata ciddi maddi zərər dəyib.

Güclü külək və dolu fəsadlara səbəb oldu - FOTO

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, güclü külək nəticəsində əkin sahələri, eləcə də meyvə bağlarına  ciddi ziyan dəyib. Bir çox ağacların budaqları sınıb. Rayon üzrə ümumilikdə yol kənarında və şəxsi təsərrüfatda 250-yə yaxın ağac aşıb.

Bundan başqa, dünən gecə saatlarından başlayan intensiv yağış və güclü küləklə müşayiət olunan dolu Oğuz, İsmayıllı, Göyçay rayonlarında elektrik naqillərini sıradan çıxarıb. Elektrik enerjisinin verilməsində bəzi ərazilərdə fasilələr əmələ gəlib.

Güclü külək İsmayıllıda da meşədə ağaclara ziyan vurub. Baş vermiş güclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb.