Bu gün Türkiyədə kritik qərar qəbul oluna bilər

Gündəmdə CHP və İYİ Partiyanın "İstanbulun bütün rayonlarda seçkilər yenidən keçirilsin" tələbi var
Sputnik

BAKI, 13 may — Sputnik. Türkiyə Yüksək Seçki Komissiyası (YSK) Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyanın İstanbulun bütün rayonlarında təkrar bələdiyyə seçkilərinin keçirilməsi tələbini bu gün müzakirə edəcək. 

Qaynayan İstanbulla bağlı kritik toplantı başa çatdı, qərar açıqlandı

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, YSK-nın etirazlara baxma məsələsi davam edir. Gündəmdə CHP və İYİ Partiyanın "İstanbulda bütün rayonlarda seçkilər yenidən keçirilsin" tələbi var.

CHP və İYİ Partiya mayın 8-də İstanbulun 39 rayonunda seçkilərin yenidən keçirilməsi tələbi ilə YSK-ya müraciət edib. CHP, həmçinin, iyun ayının 23-də keçiriləcək təkrar seçkilərin də ləğvini tələb edib. Müraciətdə İstanbulda təkrar bələdiyyə seçkilərinin keçirilməsinə səbəb olan seçki komissiyalarının digər seçkilərdə də eyni üsulla formalaşdırıldığı qeyd olunub.

YSK daha əvvəl olduğu kimi bu müraciətlə bağlı da səs çoxluğu ilə qərar verəcək.

Xatırladaq ki, YSK-nın mayın 6-da keçirilən iclasında təkrar seçkilərin keçirilməsinə qərar verilib. Qərarın lehinə komissiyanın 11 üzvündən 7-si səs verib. Digər 4 nümayəndə isə buna qarşı çıxıb.

Təkrar seçkilər iyun ayının 23-də keçiriləcək. YSK-nın açıqlamasına görə, hazırda İstanbul Bələdiyyəsinin sədri olan CHP-nin namizədi Əkrəm İmamoğluna verilmiş mandat geri alınacaq.

Cari il martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda mübarizədə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma qalib gəlib.