BAKI, 13 may — Sputnik. Ən ləzzətlisi bilirsiniz nədir? Gözəl yaz havasını ciyərlərinə çəkib məsti-xumar olmaq üçün avtomobilin pəncərəsini açmısan. Yenicə bir-iki nəfəs çəkib ciyərlərini yaz mehi ilə nəşələndirmisən ki, küləyin qova-qova gətirdiyi bir topa toz çağırılmamış qonaq kimi özünü pəncərədən içəri soxur. Orda da boş durmaz ki... Haralaradək soxulacağını, harada "park edəcəyini" təsəvvür edirsiniz.
Ya da balkon seyrindəsən. Qarşında pürrəngi çay, beynində hər şeyin yaxşı olduğuna, yaxşı olacağına dair romantik fikirlər. Xəyal dünyasındasan. Lakin sən bu təmənnada ikən, zəhərə dönür hər şey – balkondakılar da, beynindəkilər də. Aqlayından ayrılmağın acısını çıxarmağa yer axtaran toz dənəcikləri, Çingiz xanın monqolları kimi bir göz qırpımında çökürlər üzərinə.
Onlar hər yerdə, hər tərəfdədirlər: Parkda körpəsini gəzdirən qadınlar da, küçədə iş-güc arxasınca şütüyən kişilər də, açıq və qapalı məkanlarda alver edən tacirlər də, otağın pəncərəsini azacıq aralı qoyub xəstəsini müayinə edən həkimlər də, müayinə olunan xəstələr də, qaçanlar da, duranlar da... şəhərimizə təşrif buyurmuş turistlər də onların qurbanlarıdır. Onlardan qurtuluş yoxdur!
... Ay gözəl insanlar! Bir şəhəri nə qədər rəndələmək olar? Bir şəhərdəki binaları, keçidləri, körpüləri, tunelləri, divarları nə qədər laqundalamaq, qazımaq, sürtmək, ağartmaq və qaraltmaq olar? Eyni prosesləri eyni yerlərdə eyni qaydada dönə-dönə təkrarlamaq hansı arzunun məhsuludur? Axı nə vaxtadək?
Bakı küləklər şəhəridir. Burada yanvarın şaxtasında da külək vıyıldayır, avqustun cırcırında da. Burada gah Xəzri at oynadır, gah Gilavar. Bu, yerləşdiyi coğrafi məkandan dolayı şəhərimizin alnına yazılan taledir. Və kimsə təbii qanunauyğunluğu dəyişdirə bilməz.
Bəs, bunları bilə-bilə yeri-göyü qazıyıb, qalaq-qalaq toz yaratmaq (həm də kimyəvi – zərərli toz), həmin zəhər topalarının şəhərin dörd bir yanına yayıldığını görə-görə, əməlindən bircə addım geri durmamaq hansı xoş niyyətdən xəbər verə bilər, siz Allah?
Bir dönün ətrafınıza baxın. Bu şəhərin ağacları belə, bombozdur, budaqlarından qaramat sallanır. Yerə baxın, dizdən aşağı şalvarınız küçədə qalaqlanmış toz-torpağın içindədir. Başınızı qaldırın, şəhərimizin səmasını seyr edin, görün nələr görəcəksiniz. Görün, mavi səmanın üzü necə bozarıb, qanı necə qaralıb. Görəcəksiniz ki, göyün üzündən üstümüzə zəhrimar tökülür.
Və sonra düşünün. Əgər bizə, özünüzə, şəhərimizə qarşı azacıq rəhminiz yaranarsa, əl saxlayın, üstünüzdəki toz-torpağı çırpın, yuyunun, qəşəng bir pürrəngi çay içə-içə, hər şeyin yaxşı olduğu, yaxşı olacağı barədə xəyallara dalın. Yox əgər rəhm-filan duyğusu gəlib çıxmazsa, o zaman ətrafa, yerə, göyə baxmaqla itirdiyiniz vaxta heyfslənin, o itkini kompensasiya etmək üçün daha əzmlə işinizə davam edin.
"Kolay gəlsin"...?