İDMAN

Bakı finalının hakimləri bilindi

“Arsenal” – “Çelsi” oyununu FIFA referisi Canluka Rokki idarə edəcək
Sputnik

BAKI, 13 may — Sputnik. UEFA Avropa Liqasının Bakıda baş tutacaq final görüşünün hakimləri təyin edilib. Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının oyunu italiyalı hakimlər briqadasına həvalə olunub.

FIFA referisi Canluka Rokkiyə yan xətt hakimləri qismində Filippo Meli və Lorenzo Manqanelli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.

Həlledici görüşdə əsas video-köməkçi Hakim (VAR) italiyalı Massimiliano İrrati olacaq. Ona bu işdə həmyerlisi Marko Quida və Polşadan olan Şimon Marçinyak yardımçı olacaq. VAR-da oyundan kənar vəziyyətə isə polşalı Pavel Sokolniçki baxacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qarşılaşma saat 23:00-da başlayacaq.