BAKI, 11 may — Sputnik. Bu gün təxminən saat 15:10-da Bakının bəzi hissələrinə elektrik enerjisinin verilməsində problem yaşanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, texniki problem əsasən Yasamal və Səbayel rayonlarını əhatə edib.
Elektrik enerjisinin verilməsində yaranan problem "Bakı Metropoliteni"nin işinə də təsir edib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, metronun 4 stansiyasında texniki problem yaranıb.
Onun sözlərinə görə, metronun "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 yanvar" stansiyalarının daxili işıqlanmasında problem olub: "Problem təxminən 2 dəqiqə olub və həmin xətt üzrə hərəkət edən qatarların hərəkətində gecikmə yaradıb. Artıq problem aradan qaldırılıb və qatarlar normal qrafiklə hərəkət edir".
B.Məmmədov bildirib ki, elektrik enerjisində problem yalnız stansiyaların işıqlandırılmasında baş verib, qatar xəttində gərginlik dayanmayıb.