MƏDƏNİYYƏT

İyun ayının 2-si çox maraqlı olacaq, çox!

Hamı qatılmalı, hamı dəstək olmalı ki, bu cür tədbirlər çox olsun
Sputnik

BAKI, 10 may — Sputnik. 30 ilə yaxındır ki, Azərbaycan teatrı tamaşaçı problemi yaşayır. Əlbəttə, bu məsələdə teatr adamlarının da çoxlu günahları var. Bu barədə əvvəlki yazılarımda xeyli qeyd etmişəm deyə, indi təkrarçılıq etmək istəmirəm.

Teatrlar gözləyir ki, dramaturq yetişsin - yazıçı repertuar problemindən danışır

Amma həmişə bir sual məni narahat edir: Teatr adamları öz səhvlərini düzəltsələr, teatra azadlıq verilsə və müstəqil yaradıcılıq eşqi ilə mükəmməl sənət nümunələri ərsəyə gəlsə, o zaman xalq teatra gedərmi?

Məsələ təkcə teatr deyil. Kinoteatrlarda da eyni problem var. Deyəcəksiz ki, kinoteatrlar son zaman kifayət qədər tamaşaçı kütləsi cəlb edib. Biletləri satılır, yerləri dolu olur, seansların sayı artır və s.

Lakin diqqət edilməsi gərəkən nüans budur ki, bu izdahamlar hansı filmlərin nümayişində olur? Yerli və Türkiyənin bayağı komediyalarının, bir də əhəmiyyətsiz kədərə, göz yaşına hesablanmış ailə-məişət və eşq dramlarının nümayişlərindən başqa nədə görmüsüz bu izdihamı? Hansı psixoloji-fəlsəfi filmin nümayişi zamanı zal dolub-daşıb?

Hansısa ciddi sənətkarımızın konserti ildə bir dəfə və bir gün keçirildiyi halda, musiqi və sənət adı ilə ortalığa atılanların ildə beş-altı dəfə, on gün ard-arda konserti olur. Bu kütləvi bayağılaşmanın ciddi faciəvi nəticələri bizi gözləyir.

Elmi tədbirlərə, seminarlara, konfranslara isə Azərbaycanda çox nadir hallarda rast gəlirik. Hərçənd, bu cür tədbirlər çox olmalı, hamısının auditoriyası dolub-daşmalıdır. Populyar və ya yaradıcı elmlə məşğul olan adamlara bu ölkədə heç bir şərait yaradılmır ki, öz biliklərini başqaları ilə paylaşa bilsinlər. Onların sosial şəbəkələrdən və video portallardan başqa heç bir səhnəsi yoxdur.

Teatr və konsert müəssisələri işçilərinin maaşları artırıldı

Ölkədəki teatrların, sarayların, konsert zallarının icarə qiyməti fantastik həddədir. Eybi yox, bu mədəni obyektlərin qiyməti hər yerindən durub sənət adı ilə səhnəyə çıxmaq istəyənlər üçün fantastik həddə olsun. Amma ciddi sənətkarlar üçün və elm adamları üçün hətta ödənişsiz olmalıdır. Dövlətin sənət və elm xadimlərinə dəstəyi belə məqamlarda görünməlidir.

Mədəniyyət Nazirliyinin məsul şəxsləri öz çıxışlarında elmə və sənətə, gənclərə dəstəkdən danışırlar. Bir gənc hansısa seminar üçün onlardan məkan istəsə, şəxsi mülklərini satışa çıxarırmış kimi qiymət oxuyurlar.

İndi bu cür çətinliklərin içində, cəmiyyət biganəliyi ilə məsul şəxslərin fürsətdən istifadəsi arasında, öz gücünə, öz hesabına kimlərsə nəsə etməyə çalışır. Hansı ki, bunu edən gənclər gələcək aydın nəsillərin indiki əcdadıdır. O gənclər ki, bu qədər məşəqqətlərə rəğmən, tədbir hazırlayırlar, seminarlar, konfranslar keçirirlər. Maarifçiliklə məşğul olurlar. Azdırlar, amma varlar! Elm və mədəniyyət adına çalışırlar!

İyun ayının 2-si, saat 11:30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Kainat, Kvant və Beyin" adlı elmi-kütləvi konfrans baş tutacaq. "Elm Azərbaycan" və "Kvant Dünyası" elmi platformalarının təşəbbüsü, Akademik Milli Dram Teatrı, "ORKHANWAY Coaching" və "Astronomy Club"un dəstəyi ilə 550 nəfərlik elmi konfransdır bu. Konfrans zamanı hər kəsi maraqlandıracaq üç əhəmiyyətli mövzu: "Kainat", "Kvant Fizikası" və "Beyin" barədə çıxışlar olacaq.

Konfransda astronom, elmi tədqiqatçı Orxan Əhməd, fizik, elektrik mühəndisi Sadiq Şamilov, araşdırmaçı, neyromarketinq mütəxəssisi, TEDX spikeri Orxan Şahbaz çıxış edəcəklər. Müasir dünyada yaşayan, elmin, texnologiyanın, kainatın, kvant fizikasının və ən əsası beynin məhsullarından faydalanan hər bir fərdin qatılmasının mühüm olduğu tədbirdir.

Elmə, elmi tərəqqiyə dəstək üçün, müasir zamanda müasir məkan kimi uğurlu inkişafa zəmin yaratmaq üçün, hər kəsin ziyalanması üçün atılmış bir addımdır bu konfrans. Hamı qatılmalı, hamı dəstək olmalı ki, bu cür tədbirlər çox olsun! Çox olsun ki, hamı aydınlansın! Hamı aydınlansın ki, azad cəmiyyətdə azad fərdlər kimi yaşayaq!