CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəxtinə talesizlik yazılanlar – Onların ana tapmaq şansı ilbəil azalır

"O ana dəlixanada hamilə olub, övladını dünyaya gətirib" - Uşaq evinin nümayəndəsi
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 6 may — Sputnik. 2018-ci ildə 751 uşaq övladlığa götürülüb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yaydığı məlumata əsasən demək olar ki, ötən il 2017-ci illə müqayisədə övladlığa götürmədə 14,4 faiz azalma olub. 

Kimsəsiz halda tapılan azyaşlıların anası "peyda oldu", hətta tələbi də var
Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub.

Prezident İlham Əliyev övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində müəyyən işlərin görülməsi üçün ötən il fərman imzalayıb. 10 dekabr 2018-ci il tarixli 393 nömrəli fərmana əsasən artıq müəyyən işlərin görülməsinə də başlanılıb.

Bu sahədə görülən işlər və atılması vacib olan addımlar haqda Sputnik Azərbaycan-a danışan UAFA (“Azərbaycana Birgə Yardım”) təşkilatının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Saleh Nəsirov son fərmanadək, yəni övladlığagötürmə ilə bağlı səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsinədək prosesin bürokratik və əngəlli olduğunu deyib. 

Həmsöhbətimiz müxtəlif illərdə Azərbaycanda övladlığagötürmə prosesi ilə bağlı vəziyyəti araşdıran Makkenzi şirkətinin analizləri haqda da məlumat verib: “İllərdir Azərbaycanda fəaliyyət göstərən Makkenzi şirkəti bu məsələnin beynəlxalq standartlar çərçivəsində necə həyata keçirilməsi ilə bağlı təkliflər verib. Beynəlxalq standartlara cavab verən bu layihədə bütün müddəalar əksini tapıb”.

Həmsöhbətimiz qeyd edir ki, bu sahədə əsas problemlərdən biri də valideynlərin əlacsız və imkansız olmasıdır. Buna görə də ilk növbədə həmin ailələrə dəstək göstərmək lazımdır: “Aparılan araşdırmalar da göstərir ki, əksər hallarda həssas təbəqədən olan insanlar, aztəminatlı şəxslər övladlarından imtina edir. Onlar uşaq acından ölməsin, təhsildən kənar qalmasın deyə, övladlarını internat evinə göndərirlər. Biz belə ailələrə dəstək üçün müxtəlif təkliflər veririk. Çünki hər bir uşaq üçün ən gözəl seçim elə doğma valideynləridir. Uşağın valideynləri ilə birgə qalmasını təmin etmək məqsədi ilə erkən müdaxilə proqramı həyata keçirilməlidir. Bu səbəbdən də övladlığagötürməni ən son seçim kimi dəyərləndiririk”.

“Bu sahədə olan bir sıra problemlərin qarşısını almaq üçün biz “Foster family care” modelinin tətbiq olunmasının vacibliyini vurğulayırıq. Bundan başqa, bu sahədəki problemlərin aradan qaldırılması üçün “Baby Books” xidmətinin yaradılmasının da vacibliyini vurğulayırıq. “Baby Books” xidməti ilə övladından imtina edən ana onu küçəyə, yaxud da “kulok”a qoyub zibilxanaya atmır. Həmin qadın övladından imtina etmək istəyən analar üçün xüsusi tibbi mərkəzlərdə ayrılan yerlərə yaxınlaşaraq həyəcan düyməsini basır. Bu zaman içində zənbil olan lift yuxarı çağırılan mərtəbəyə qalxır. Hətta anaya övladından imtina etməmək üçün vaxt da verilir. Ana imtina etdikdə isə körpəni zənbilə qoyur və nəticədə aşağı mərtəbədə olan xüsusi tibb işçiləri həmin uşağı təhvil alır. Bu xidmətin yaradılmasında əsas məqsədlərdən biri uşaqların küçəyə atılmasının qarşısını almaqdır” – deyə həmsöhbətimiz əlavə edib.

Kimsəsiz, ehtiyacı olanlar üçün paltar və ayyaqabı pavilyonları quraşdırılıb

S.Nəsirov bildirir ki, bu istiqamətdə olan problemlərin həllində əsas çətinliklərdən biri də sosial işçi və sosial institutlarla bağlıdır: “Azərbaycanda peşəkar sosial işçilərin və sosial institutların formalaşmasına ehtiyac var. Düzdür, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmətçilər var. Lakin sosial xidmətçi ilə sosial işçi tamamilə fərqli anlayışdır. Sosial xidmətçinin adını sosial işçi ilə dəyişməklə problemin həll olunacağını düşünmək yanlışdır”.

Uşaq evlərindən birindən isə anonimlik şərti altında hansı hallarda uşaqların adlarının övladlığa verilmək üçün tərtib olunan siyahıya əlavə edilməsi haqda məlumat verib: “Biz övladlığa verilmə məsələsinə qarışmırıq. Sadəcə olaraq bizə gətirilən uşaq tamamilə kimsəsiz olduğu halda onun anketini doldurub aidiyyəti üzrə müraciət edirik. 6 ay müddətində uşağı kimsə arayıb-axtarmırsa, anketi icra hakimiyyətinə veririk. İcra hakimiyyətində anketə baxıldıqdan sonra ona möhür vurulur. Daha sonra həmin anket Təhsil Nazirliyində növbədə olan anketlərin siyahısına əlavə olunur. Bunadək isə övladlığa uşaq götürmək üçün müraciət edən şəxslərin bütün sənədləri yoxlanılır. Növbədə olan şəxs uşağın şəklinə baxıb bəyəndikdən sonra Təhsil Nazirliyi həmin şəxsin əlinə məktub verir. Yalnız bundan sonra məktubda göstərilən ünvana yaxınlaşan şəxsə həmin uşağı göstərmək icazəmiz olur”.

“Sonradan bütün sənədlər nazirlik tərəfindən hazırlanaraq məhkəməyə təqdim edilir. Növbəti mərhələdə bütün sənədlər məhkəmə tərəfindən yenidən araşdırılır” – uşaq evinin nümayəndəsi əlavə edib.

Uşaq evlərinə gətirilən belə azyaşlıların əksəri isə tək valideynli olur: “Bizə tək valideynli uşaqlarla bağlı müraciətlər daxil olur. Həyat yoldaşından boşanan ana, yaxud da həyat yoldaşı dünyasını dəyişən qadın,  ya da imkanı olmayan ailə övladını uşaq evinə qoyur. Biz nadir hallarda bu cür anketlər doldururuq. Çünki onların əksəriyyətinin sahibi olur. Bu səbəbdən də kiminsə ixtiyarı yoxdur ki, belə uşaqları övladlığa versin. Bizim uşaq evində elə körpə var ki, onun anası illərdir məhbus həyatı yaşayır. Ayda bir dəfə gəlib uşağı anası ilə görüşdürürlər. Belə ananın uşağını kiməsə vermək olarmı?”

Nümayəndə deyir ki, övladlığa verilmə üçün belə müraciətlər o qədər də çox olmur: “Çox nadir hallarda olur ki, biz hansısa uşağın sənədlərini hazırlayaraq onun övladlığa verilməsi üçün müraciət edirik. Hazırda da bir uşağa görə məhkəmə prosesi davam edir. Həmin uşağın anası ruhi dispanserdə yatır. Onun əmək qabiliyyətinin olmamasını məhkəmə ilə təsbit etmək istəyirik. Bu ana nə zamansa sağalıb övladını götürə bilməyəcək. 

Kimsəsiz uşaqlar üçün böyük fürsət
Artıq 6 aydır ki, bununla bağlı məhkəmə prosesi davam edir. Bu cür məhkəmə prosesləri uzun müddət davam edir. Çünki burada insan taleyindən söhbət gedir. O ana ruhi dispanserdə hamilə qalıb, övlad dünyaya gətirib. Ananın huşu özündə olmadığı üçün övladını tanımır. O səbəbdən də, biz heç uşağın atasının kim olduğunu da bilmirik. Uşaq olandan sonra öncə Səhiyyə Nazirliyinin körpələr evinə, 3 yaşdan sonra isə bizə verilib. Hazırda uşağın 4 yaşı var”.

Qeyd edək ki, ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onların da 4-ü qız olub.

2018-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67 olub.