CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Son nəfəsimdə də Zaur Baxşəliyevə dua edib deyəcəyəm ki..."

Tanınmış aktrisa: "Əvvəl deyirdim ki, ay Allah mənə övlad toyu nəsib elə. İndi isə deyirəm ki, heç olmasa, övladımı məktəbə yola sala bilim"
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 4 may — Sputnik. Dünyada bir çox ağır xəstəliklər var. Amma bəziləri zaman tanımadan xəbərsiz gəlişi ilə sevdiklərimizi əlimizdən alır. Bəzən xəstəlik yox, baş verən ağır qəzalar da arzuolunmaz sonluqlarla nəticələnir. Elə buna görə deyirlər ki, ölüm gözlə arasındadır. Belə hadisələrin, qəfil ölümlərin fonunda dünyanın ən böyük bəlası adlandırılan xərçəng xəstəliyi daha rəhmli görünür.

"Son nəfəsimdə də Zaur Baxşəliyevə dua edib deyəcəyəm ki..."

Bu gün dünyada ən dəhşətli xəstəlik hesab olunsa da, xərçəng xəstəliyindən ölənlərin sayı ürək və qan-damar xəstəliklərindən ölənlərin sayı ilə müqayisədə azdır. Həm də digər xəstəliklərlə müqayisədə, xərçəngdən xilas olmaq üçün psixoloji dəstək, özünəinam, motivasiya daha vacibdir. Sputnik Azərbaycan-ın "XərçəngSiz" layihəsini yaratmaqda məqsədimiz də belə xəstələrə motivasiya verməkdir.

Artıq bir neçə ildir xərçəngə görə müalicə alan, hər kəsin "Toppuş bacı" kimi tanıdığı Tünzalə Əliyeva ilə söhbətimizdə də bu xəstəliklə mübarizədən danışdıq. Bu mübarizədə o, həyatda ən gözəl və şirin payını, övladını qazanıb.

- İlk olaraq istərdik ki, oxucularımıza xəstəliklə tanışlığınızdan danışasız...

- Bu xəstəliyin digər xəstəliklərlə müqayisədə adı pisdir. Deyirlər ki, adamın saçı, qaşı töküləcək. Tükdür də, tökülsün də. Tük töküləndə çıxmayacaq?! Ümumiyyətlə, tək mən yox, elə kim ilk dəfə xərçəngin adını eşidir, onu vahimə bürüyür. Mən də bu hissləri keçirmişəm. Sonradan bu vahimə aqressiya və böyük qorxu ilə əvəzləndi. Lakin bir az zaman keçir, yaşadıqdan sonra ətrafına daha aydın gözlə baxmağa başlayırsan və görürsən ki, gün, ay, il ərzində yol qəzaları və digər xəstəliklərdən daha çox şəxs dünyasını dəyişir, nəinki, bu xəstəlikdən. Bu gün insanların 99 faizində papilloma virusu var. Xal, ət xalı olanlar bu virusun daşıyıcılarıdır. Bu virusun özünün də növləri var. Həmin virusun 100-ə yaxın növündən yalnız 5-6 növü xərçəngə səbəb olur.

Məşhur aktrisa haqqında ilginc iddia

Həkimlərimin dediyinə görə, məndə həmin 5-6 növdən 2-si var. Bu haqda isə mən çox gec, ana olmağa hazırlaşanda öyrənmişdim. O zaman bətnimdəki döl düşdüyünə görə həkim müayinəsinə getdim. Elə ilk dəfə olaraq onda belə virusun daşıyıcısı olduğumu öyrəndim. Ginekoloqum Natella xanım dedi ki, ailəndən kimsə gəlsin onunla danışım. Dedim özümə deyin. O isə mənə müəyyən şübhələrinin olduğunu söylədi. Birbaşa olaraq məni mütəxəssis yanına göndərdi və qanım əkildi. Bu günədək mənim üçün hər şeyin pulsuz olduğu Milli Onkologiya Mərkəzinin qapısını o zaman heç tanımırdım. Hara, necə müraciət edəcəyimi də bilmirdim. O anda millət vəkili Qənirə Paşayeva da mənim yanımda oldu. Məni ayağa qaldıran həkimim Şəmistan Alıyev, akademik Cəmil Əliyevin adını xüsusi vurğulamalıyam. Bir neçə saat davam edən əməliyyatım uğurla başa çatdı. Lakin limfalarımda bədxassəli şiş olduğundan 28 şüa aldım. Qanım az olduğu üçün 6 kimyaterapiyadan yalnız 3-nü qəbul etdim. Bilirsiz ki, mən mədə kiçiltmə əməliyyatı etdiyim üçün qidalanmamda problemlər vardı. Çox yeyə bilmirdim. Kimyaterapiya isə iştahımı daha da azaldırdı. Demək olar ki, xəstəliyimi daim nəzarətdə saxlayıram. Buna görə 3 ayda bir dəfə müayinə olunub müalicə alıram. Bundan öncəki ilk müayinədə heç bir şübhə aşkarlanmasa da, ikinci müayinəmdə, MRT-nin nəticələrində müəyyən şübhələr çıxdı. Bilirsiz, bədən limfalarla dolu olduğu üçün biz təyin etməliyik ki, bu şişdir, yoxsa limfa şişkinliyidir. Maliyyə problemlərimi həll etdikdən sonra yenidən müayinə olunacağam. Bir neçə aydan sonra müayinələrin nəticələri ilə bağlı qərar veriləcək.

"Son nəfəsimdə də Zaur Baxşəliyevə dua edib deyəcəyəm ki..."

- Xəstəxanada sizə yəqin ki, xüsusi diqqət göstərilirdi?

- Tibb bacıları var idi ki, evlərindən üzüm, xüsusi piroqlar, mürəbbələr gətirirdilər ki, yeyim. Orada mənə xüsusi diqqət var idi. Azad Kərimov, İsa İsayev hər zaman yanımda oldu.

- Məğlub olmamaq, psixoloji cəhətdən qalib gəlmək üçün nə etmək lazımdır?

- Sadəcə olaraq, həkimin təlimatlarına düzgün əməl etmək lazımdır. Əsas isə immun sistemini qorumaqdır. İmmunitet zəifləməsə, bu xəstəlik heç zaman baş qaldırmaz. Amma psixoloji mənada bu xəstəliyi məğlub etmək deyərdim ki, çox çətindir. Düzü mən psixoloji cəhətdən çox zəif insanam, bəlkə də bu mənada məndən zəif insan yoxdur. Amma bununla belə çalışıram ki, sevdiklərimə görə güclü olum.

"İtlər də insanlar kimi xərçəngdən, təzyiqdən, şəkərdən əziyyət çəkir"

- Bu ağır günlərinizdə sizə dəstək olanlarla yanaşı, sizi xəstəlikdən sui-istifadə etməkdə günahlandıranlar da oldu. Belə yanaşmanı necə qarşıladız?

- Həmişə istəyirsən ki, insanlarla nəyisə bölüşürəkə ətrafa müsbət enerji saçasan. Amma kim ki adamın ürəyini qırmaq istəyir, onu da edir. Belə vəziyyətdə haqqımda deyilən o sözləri eşidəndə çox pis olurdum. Bu yaxınlarda hətta dedilər ki, guya xəstə deyiləm. Ay başınıza dönüm, bu diaqnozu mən yox, onkoloqlar qoyub. Düzdür, əməliyyatla bağlı olaraq heç bir ginekoloji problemim yoxdur. Lakin 38 limfamdan yalnız birində 3b dərəcəli bədxassəli şiş aşkarlandığından, təkcə çanaq hissəmdən 38 limfa çıxarılıb. Şiş artıq metastaz vermişdi. Bilirsiniz, limfa elə bir şeydir ki, hər an ətrafa sıçraya bilər. Buna görə də Şəmistan doktor mədəmin altına qədər bütün limfalarımı çıxardıb. Lakin bu da yaşamağım üçün hər şey demək deyil. Biz də yaşamaq istəyirik. Yaşamaq üçün ətrafımızdakıların bizi qırmamasını istəyirik. Amma biz istəməsək də, kimlərsə bunu edir.

Bu yaxınlarda uzun saç qaynağı edib toya getmişdim. Onda da dedilər ki, gör saçları necə uzanıb. Ay başınıza dönüm, 6 ay əvvəl "kare" olan saç necə o cür uzana bilər? Deyirlər ki, Tünzalə gülür. Bəs mən, mənim kimi olan xəstələr nə etməlidir? Biz gülməliyik də...Mən gülməsəm, ayaq üstdə dura bilmərəm. Gülməliyəm ki, özümdən daha ağır xəstələrə müsbət enerji ötürüm. Bu gün ağır xərçəngdən əziyyət çəkən körpələrimiz var. Bəs onların üzünə baxanda gülməyək? Axı onlara gülmək, gülüş bəxş etmək lazımdır. Məgər mən yaşamaq istəmirəm? Dünən həkimə deyirəm ki, evdə 2 yaş yarımlıq körpəm var, onu sağlam böyütmək istəyirəm. Övladlar var ki, analarının gözü önündə belə ağır xəstəlikdən əziyyət çəkir. Mən o analara gülüş bəxş edirəm ki, onlar daha da möhkəm olsunlar. Gülün, Allah böyükdür, hər şey yaxşı olacaq. Bu xəstəliklə mübarizə aparmaq üçün gülmək mütləqdir. Düşünürəm ki, bu xəstəlik gülməkdən, sevgidən, sevilməkdən, qırmızı rənglərdən qorxur. Ona görə də qırmızı rəngdən istifadə etmək lazımdır. Mən hər birimizin yaxşı tanıdığı Zülfiyyə Bayramovadan çox böyük motivasiya alıram. Elə bilirsiz ki, ona bu yükü daşımaq çətin deyil? Elə bilirsiz ki, o, övladının toyunu görmək istəmir?!

Xərçənglə mübarizədə ən yaxşı vasitə açıqlandı – Hər evdə var

Biz bu xəstəliyin dərinliyini, hara qədər gedə biləcəyini bilirik. Bu qrip deyil, dərman içəsən bitsin, keçsin getsin. Nə zaman gələcəyini belə bilmirsən. Ekran arxasında oturan insanlara səslənmək istəyirəm ki, bizim kimi insanlardan əl çəksinlər, bizi qırmasınlar. Bu yaxınlarda bir şəklimin altına nə sözlər yazmadılar?! Bəzən bu şərhləri oxumamağa çalışsam da, alınmır, oxuyuram. Bütün xərçəng xəstələrinin adından xahiş edirəm ki, bizə anlayış göstərin, qəlbimizi qırmayın! Biz yaşamaq, heç olmasa, övladımızın toyunu görmək istəyirik. Əvvəl deyirdim ki, ay Allah mənə övlad toyu nəsib elə. Amma son şübhələrdən sonra deyirəm ki, deyəsən Allahdan çox şey istədim, onun xətrinə dəydim. Heç olmasa, övladımı məktəbə yola sala bilim.

"Son nəfəsimdə də Zaur Baxşəliyevə dua edib deyəcəyəm ki..."

- Pozitiv notlara köklənmək üçün insanlardan başqa nə istəyirsiz?

- İstərdim ki, onlar həyatlarında olan xoş məqamları paylaşsın, biz də sevinək. Neqativ hadisələri paylaşmaqla bir-birimizi yormayaq, bezdirməyək. Bu dünyada heç kimin sığortası yoxdur, eləcə də mənə bəd dualar edənlərin. İnanın, haqqımda xoşagəlməz fikirlər yazanların biri də Onkoloji Mərkəzin qapısından içəri girməyib. Mən isə yolumu tez-tez ordan salıram. Axırıncı dəfə ora gedəndə əlil arabasında əyləşən yaşlı bir qadın gördüm. Məni yanına çağırıb nə qədər çox sevdiyini, çəkildiyim seriallara baxıb güldüyünü dedi. Nə saçı var idi, nə də ki, kipriyi. Özü də əlil idi. Gülərək onu öpüb bağrıma basdım. Dedim, belə necə də gözəl görünürsüz, mən də saçımı belə edəcəm ki, görüm yaraşır, ya yox. Başını sığallayanda hər şeyin çox yaxşı olacağını dedim. Amma üzümü çevirəndə artıq ağlayırdım. Ağlaya-ağlaya xəstəxanadan çıxdım. Demək istədiyim odur ki, icazə verin, heç olmasa, rollarımla insanları güldürüm.

- Bu çətin günlərdə sənətdən ayrılmadız...

- Elməddin Cəfərov sağ olsun, ən pis günümdə də məni başa düşdü. Qusa-qusa "Qız atası" serialının çəkilişlərinə gəlirdim. Qaytarırdım, uzanırdım bütün çəkiliş meydanı isə məni gözləyirdi. O zamanlar ayaqlarım heç işləmirdi. Ayaqlarımı əlimlə qaldırırdım. İndi də ayağımı əlimlə qaldırıram. Bir ayağımı qaldıranda o birisini qaldıra bilmirəm.

Fəxrəddin Manafov mərhum aktrisa ilə əlaqəsindən danışdı: Onunla işləmək xoşbəxtlik idi

- Jurnalistlərdən, müsahibələrdən yan keçməyinizin səbəbi nədir?

- Neçə aydır ki, müsahibə vermirəm. Sadəcə, istirahət etmək istəyirdim. Çünki yazılan xəbərlərin başlıqları, "layk"lar, şərhlər bəzən məni çox üzür. Mən bu xəbəri alandan qısa müddət sonra anamı itirdim. Anam dünyadan köçəndə xəstəliyimdən xəbərsiz idi. Saçımın töküləcəyini bildiyim üçün anamı da qabaqcadan hazırlamağa çalışırdım. Deyirdim ki, ay ana, başımı qırxdıracağam ki, saçım sıx olsun. Amma o heç bu günlərimi görmədi. Ötən ilin oktyabrın əvvəlində şüam başa çatdı, bir neçə gün sonra, oktyabrın 11-də isə anam dünyasını dəyişdi. O günlərdə çox böyük stress yaşadım. 73 kiloyadək arıqlamışdım. Həmin ərəfədə ailəm məni ayağa qaldırdı. Anamın üç mərasimində məni uşağımla məşğul olmağa göndərdilər. Uşağım xəstə olduğu üçün yas mərasimindən birbaş evə qayıtdım, körpəm qızdırırdı. Sanki bunu da Allah elədi. İstəmirəm bu müsahibədən sonra yenidən üstümə gəlsinlər. Sadəcə istəyirəm ki, imkan versinlər, mən də övladımı böyüdüm.

- Belə başa düşdüm ki, bu xəstəlik sizdə ailə qurandan var...

- Şəmistan həkimin də gəldiyi qənaət budur ki, bu xərçəng məndə ailə qurandan var. Əslində mən bu fikirlə razılaşmaya bilmərəm. Amma bu xəstəliyin mədə kiçiltmə əməliyyatı keçirməyimlə heç bir bağlılığı yoxdur. Bundan öncə də bir dəfə belə əməliyyat keçirmişəm. Amma 7 saatlıq həmin əməliyyat çox uğursuz alınmışdı. Sonuncu uğurlu əməliyyatı icra edən həkimim Tariyel Ömərovla xərçəngin bu əməliyyatdan qaynaqlanıb-qaynaqlanmadığı öyrənəndə, o dedi ki, əksinə, yaxşı ki, mədəni kiçiltmisən. Sadəcə, mənim yemək yeməməyim nəticəsində virus daha da aqressivləşdi və uşaqlıq boynunu yedi. Həmin virus uşaqlıq boynunda kök salmışdı. Ailə qurandan sonra isə məndə davamlı olaraq qanaxmalar olurdu. Tez-tez həkimə gedirdim. Bu özü də bir möcüzədir ki, mən xərçəng ola-ola həm də ana olmuşam. Ginekoloqum Natella xanıma deyirdim ki, uşaqlıq boynumda xərçəngin olduğunu niyə mənə demədiz? O isə bildirdi ki, artıq bir neçə həftəlik hamilə olan qadına bunu deyə bilməzdi. Hamilə ikən bunu bilsəydim, daha çox stress yaşayardım. Çünki övladımın olmasını dəlicəsinə arzulayırdım. Bir gün yuxuda gördüm ki, kimsə mənə deyir "sənə Muhammed" verəcəyəm. Onda kənddə idim, mədəmə görə təzə əməliyyat olunmuşdum, qaytarırdım. Bakıya gələndə hamilə olduğumu öyrəndim. Amma yenə də inanmadım, dedim UZİ-yə (USM-red.) gedim. Həkimə hamiləliklə bağlı şübhələrimin olduğunu deyə bilmirdim. Həkim deyəndə ki, hamiləsən, inanın həyəcandan stoldaca təpədən dırnağa su oldum.

"Son nəfəsimdə də Zaur Baxşəliyevə dua edib deyəcəyəm ki..."

- İllərdir arıq olmaq istədiz. Hazırda necə, arzuladığınız formadasız?

- Əvvəl 130 kilo idim. Hazırda isə arzuladığım formadayam. İstəsəm indi 70 kilo ola bilərəm. Amma qorxuram, bundan artıq arıqlamaq istəmirəm. Çünki yemək yeməsəm, qanım düşəcək. Bu yaxınlarda, 85 kilo olanda oruc saxladım, ondan sonra da artıq şübhələr baş qaldırdı. Çünki immunitetimin aşağı düşməməsi üçün oruc saxlamamalıydım.

- Bezdiyiniz gün oldumu?

- Bezdiyim gün də oldu. Düşünürəm ki, o günlərdə ailəm, sənət dostlarım olmasaydı, tez yıxılardım. Elə insanlar var ki, onlara ömrümün sonunadək dua edəcəm. Hər gün də dua edirəm, amma onların bundan xəbəri yoxdur. Son nəfəsimdə də mən Zaur Baxşəliyevə dua edib deyəcəyəm ki, Allah sənin balanı saxlasın! Elə ölümlər var ki, tamamilə xəbərsiz gəlir. Anam sap-sağlam adam idi, əcəli gəldi, dünyasını dəyişdi. Yaxınlaşıb "mama, necəsən", deyəndə baxdım ki, artıq keçinib. Ömrü verən Allahdır. Allah nə vaxt öl deyəcək, başımızı qoyub gedəcəyik bu dünyadan. Verdiyi və vermədiyi hər şeyə görə Allaha şükür edirəm...

P.S. Tünzalə xanımın dili isə desək, ümid bu xəstəliyə qalib gəlmək üçün əsas silahdır. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il təxminən 56 milyon insan müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Bu xəstəliklər sırasında isə ürək və qan-damar sistemi xəsətlikləri ilk pillərdə qərarlaşıb.