Azərbaycanın NATO ilə tərəfdaşlığının 25-ci ildönümü tamam olur. Sabiq prezident Heydər Əliyevin 1994-cü ilin may ayının 4-də Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə Azərbaycan SNT proqramına qoşulub. Bu gün NATO ilə qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Ordusunun hərbi əməkdaşlığının əsas prioritet istiqamətlərindən biridir. Azərbaycan ilə NATO arasında qurulmuş tərəfdaşlıq və müxtəlif sülhməramlı missiyalarda birgə fəaliyyət Bakının Avro-Atlantik məkanda təhlükəsizliyi və sabitliyi təmin etmək üçün göstərdiyi səylərin və xoşməramlı niyyətimizin bariz nümunəsidir.
Onu vurğulayaq ki, Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, həm Rusiya, həm də Türkiyə ilə münasibətləri yüksək səviyyədədir. Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olmasında Alyansla sıx əməkdaşlıq edir. NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən "Qətiyyətli dəstək" missiyasına Azərbaycan əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verib. Bundan əlavə, 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu NATO-ya üzv dövlətlər tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunur.
Bu gün NATO bir sıra ölkələrlə rəqabət şəraitindədir. Göründüyü kimi, bu məsələdə ən maraqlı məqam Azərbaycanın tutacağı mövqedir. Bəllidir ki, Azərbaycan yenidən "balans siyasətini" davam etdirəcək. Lakin Yaxın Şərq mövzusunda, Xəzərdə təhlükəsizlik məsələlərində balans siyasəti yürütmək asan deyil. ABŞ bütünlükdə Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsini dəyişmək qərarını tutub. Gürcüstanın NATO ilə sıx əlaqəsi Azərbaycana təsirsiz ötüşməyəcək. Çünki artıq Amerika qoşunları demək olar ki, Rusiya ilə bir addımlıqda duracaqlar. İstər-istəməz bu, regionda müəyyən proseslərə də start verilməsinə səbəb olacaq. Lakin Azərbaycan siyasi baxımdan manevrlər edə bilərsə, yaxın gələcəkdə bölgənin ən mühüm oyunçusuna çevrilə bilər.
SSRİ-nin dağıldığı andan etibarən beynəlxalq təşkilatlar və ölkələr tərəfindən Cənubi Qafqazda münaqişələrin nizamlanması və sabitliyin bərqərar edilməsi üzrə çoxsaylı cəhdlər və təşəbbüslər olub. Amma uzun illər keçməsinə baxmayaraq, indiyədək heç bir münaqişə həll olunmayıb. Vasitəçilərin səylərinin yeganə müsbət nəticəsi münaqişə zonalarında hərbi əməliyyatların dayandırılması olub. Həmin vaxtdan etibarən münaqişələrin nizamlanması məsələsində tərəflər bir addım belə irəliləməyib. Əlbəttə, region ölkələri dövlət quruculuğu ilə məşğul olmaq, beynəlxalq ictimaiyyətə inteqrasiyanı inkişaf etdirmək imkanı əldə ediblər, amma "dondurulmuş" münaqişələr mövcud olduğu şəraitdə onlar nə iqtisadiyyatda, nə vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli uğurlar əldə edə bilməyiblər.
Qafqaz ölkələrinin gələcək inkişafının əsası kimi kompleks yanaşma götürülməlidir. Ayrı-ayrı vəzifələrin kompleks yanaşma olmadan həlli yaxın gələcəkdə uzunmüddətli sabitliyə və region ölkələrinin və xalqlarının bütün sahələrdə dinamik irəliləyişinə gətirib çıxarmayacaq. Bəzi araşdırmaçılar belə hesab edirlər ki, gələcək Qafqaz ittifaqının hüquqi bazasının yaradılmasından başlamaq lazımdır. Məsələn, Qafqaz Evi və onun vahid siyasi, iqtisadi, mədəni, hərbi məkanı haqqında Hərtərəfli Müqavilə. Bu sənəd hərtərəfli olmalı və konkret müddətləri olan, bütün prosesi - status-kvo vəziyyətindən (dövlətlərin ərazi bütövlüyünün və mövcud reallıqların tanınması) vahid Qafqaz məkanının yaradılması və onun regionumuzda sabitliyin zamini kimi Avropa təsisatlarına qoşulmasını əhatə edən proqram və plan ehtiva etməlidir. Hüquqi bazanı bütün tərəflər beynəlxalq vasitəçilərin - qəbul edilmiş qərarların həyata keçirilməsinin zaminlərinin iştirakı ilə yaradılmalıdır.
Dövlətlərüstü və idarələrarası institutların yaradılmasının əsası kimi Avropa qurumları: Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, Aİ Nazirlər Kabineti, NATO və s. götürülə bilər. Keçid dövründə sülhün qorunmasına yönəlmiş qüvvələr istisna olmaqla, Qafqazdan xarici qoşunların çıxarılması təmin edilməlidir.
Vahid Avropa qurulmasında Avropanın təcrübəsindən Qafqaz Evinin yaradılmasında əsas alət kimi istifadə olunmalıdır. Avropa dövlətləri dövlət quruculuğunda əsrlər ərzində əldə edilmiş, müharibələr, sərhədlərin yenidən biçilməsi ilə müşayiət olunan təcrübəyə malikdir. Təkcə ötən əsrdə Avropa on milyonlarla insan həyatına son qoymuş iki dünya müharibəsi yaşayıb. Amma, ağır itkilərə, çoxillik, bəzən hətta çoxəsrlik düşmənçiliyə baxmayaraq, avropalılar özlərində cəsarət tapdılar, sabitlik və inkişafın vahid zəmanəti kimi Avropa Evinin yaradılması barədə qərar qəbul etdilər. Bu quruculuqda Avropa status-kvodan uzaqlaşıb və addım-addım, ayrı-ayrı vəzifələrin həlli yoluyla birlik əldə edib. Avropa təcrübəsinə söykənərək, Qafqaz bu vahid evin yaradılması yolunu qısa müddətdə keçə bilər. Qafqaz İttifaqının yaradılması regionun Avropa İttifaqına uyğunlaşmasını xeyli asanlaşdırar.
Cənubi Qafqazda Qafqaz Evinin yaradılması və sonradan Şimali Qafqaz regionunun ona cəlb edilməsi, şübhəsiz, Rusiyanın cənubunda da sabitliyə xidmət edəcək. Qafqaz Evi layihəsi çərçivəsində etnik qrupların ərazi mənsubiyyəti tamamilə mənasını itirir, çünki onların hüquqları və maraqları Qafqaz Parlamentində, hökumətində, məhkəməsində və s. təmin olunacaq, burada onlar hamısı təmsil olunacaq. Vahid Qafqaz məkanı, yerləşmə yerindən və sayından asılı olmayaraq, bütün etnik qrupların təhlükəsizliyinin, inkişafının və rifahının zəmanəti ola bilər və olmalıdır. Bu kontekstdə Azərbaycan bu prosesin lokomotivi olmaq üçün zəruri resurs potensialına malikdir. Lakin Azərbaycan ilk növbədə öz maraqlarından çıxış edir. Bu baxımdan, qonşu İranın və Rusiyanın qıcığına səbəb olacaq addımları atmaq Bakının maraqlarına uyğun deyil. Azərbaycan NATO, İran və Rusiya arasında birmənalı seçim etməyə tələsmir və balans diplomatiyasına üstünlük verir...