Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 3 may — Sputnik. "Azərbaycan miqrantlar üçün populyar ölkədir, burada təhlükəsizlik təmin olunub, multikulturalizm, dözümlülük mühiti hökm sürür". Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi" adlı plenar sessiyada çıxışı zamanı deyib.
Xidmət rəisi bildirib ki, bunu rəqəmlərdə də müşahidə etmək olar: "Bu, Azərbaycan hökumətin uzunmüddətli siyasəti ilə bağlıdır. Biz turizmin, sərmayələrin Azərbaycanda inkişaf etməsi ilə bağlı tədbirlər görmüşük. Miqrantlar Azərbaycanı məskunlaşmanın mümkün məkanı kimi qiymətləndirirlər".
O vurğulayıb ki, hazırda dünyada vaxtilə heç vaxt olmayan sayda çox - 20 milyon nəfər miqrant var: "Məcburi köçkünlərın sayı isə 8 milyondur. Bu, rekord saydır. Bu dinamik inkişaf yeni çətinlikləri, təhlükələri, insan təhlükəsizliyini gündəmə gətirməyə başlayıb".
Xidmət rəisi qeyd edib ki, məcburi köçkünlərin hamısı öz yurduna qayıtmalıdır: "Biz ehtiyatları, adətən humanitar yardıma yönəldirik. Çalışırıq ki, insanlar təməl ehtiyaclarını ödəyə bilsinlər".
"Prezident İlham Əliyev dünən çıxışında da bildirib ki, qonşu ölkənin aqresiv siyasəti nəticəsində Azərbaycanda 700 minə yaxın məcburi köçkün var. Azərbaycan ən çox məcburi köçkünlərə sahib olan əsas ölkələrdən biridir. Bu münaqişə həll olunsa, 700 min məcburi köçkün öz evinə qayıdacaq" - V.Hüseynov vurğulayıb.