Teymur Tuşiyev, Sputnik Azərbaycan
BAKI, 1 may — Sputnik. Türkiyə bayrağı altında çıxış edən azərbaycanlı yüngül atlet Ramil Quliyev bu mövsümdə əfsanəvi yamaykalı idmançı, 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Boltun rekordunu qırmaq istəyir.
Sputnik Azərbaycan "Hürriyet" qəzetinə istanadla xəbər verir ki, bu istəyini Quliyev özü dilinə gətirib.
"Bu mövsümdə Useyn Boltun 200 metrlik məsafəyə qaçış üzrə dünya rekordunu qırmaq məqsədini qarşıma qoymuşam. Qarşıda duran mövsüm mənim üçün əvvəlki mövsümdən daha yaxşı olmalıdır" - deyə Quliyev bildirib.
Qeyd edək ki, Yamayka yüngül otleti, qısa məsafəyə qaçış üzrə ixtisaslaşmış Useyn Bolt 2009-cu ildə 200 metri 19.19 saniyəyə qaçaraq dünya rekordunu vurub. O, oyunları ərzində 8 dəfə dünya rekordu qeyd edib. Qaçışda 100-9.58, 200 – 19.19 göstərici ilə dünya rekordu qazanan Bolt həmçinin tarixdə 100-200 metr məsafədə ən sürətli sprinter sayılır.
Ramil Quliyev isə 2018-ci ildə 200 metr məsafəni 19,76 saniyəyə qaçıb.
Azərbaycanlı yüngül atletin başlıca məqsədi 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında uğurlu çıxış etməkdir.
"Olimpiada mənim üçün ən vacib turnirdir. Mən həmişə Asiyada yaxşı çıxış etmişəm. Ona görə də, qarşıdakı Tokio oyunlarından pis heç nə gözləmirəm. Ümumilikdə bu mövsümdə 15-17 startda, eləcə də dünya çempionatında iştirak etmək niyyətindəyəm. Yaxın zamanlarda start yüngül atletika üzrə Brilyant liqa mərhələsinin keçiriləcəyi Dohada olacaq" - deyə Quliyev əlavə edib.