Tramp və Putin Venesuelada baş verənləri diqqətlə izləyir

Daha əvvəl Venesuelada növbəti dövlət çevriliş cəhdinin olmasına dair məlumat yayılıb.
Sputnik

BAKI, 30 aprel — Sputnik. "ABŞ prezidenti Donald Tramp Venesuelada baş verənlər barədə məlumatlandırılıb və oradakı vəziyyəti diqqətlə izləyir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Ağ Evin rəsmi təmsilçisi Sara Sanders bildirib.

"Prezident məlumatlandırılıb və biz vəziyyətin inkişafını izləyirik", - deyə Ağ Ev təmsilçisi vurğulayıb.

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, bu məsələni Təhlükəsizlik Şurasının üzvləri ilə Rusiya prezidenti Vladimir Putin də müzakirə edib: "İclas zamanı Venesuelada dövlət çevriliş cəhdinə dair gələn xəbərlə bağlı bu ölkədəki vəziyyətə böyük diqqət ayrılıb".

Venesuelada növbəti dövlət çevrilişi cəhdi

Qeyd edək ki, daha əvvəl Venesuelada növbəti dövlət çevriliş cəhdinin olmasına dair məlumat yayılıb.

Venesuela rəhbərliyi müxalifətlə bağlılığı olan kiçik qrupdan ibarət hərbçilər tərəfindən həyata keçirilən hərbi çevrilişin yatırılması üçün addımlar atır. Sputnik Azərbaycan xəbər verir ki, bunu öz "Twitter" səhifəsində Venesuelanın informasiya naziri Xorxe Rodriqes bildirib.

Venesuela müxalifətinin lideri Xuan Quaydo Nikolas Maduro rejiminin devrilməsinə yönələn "Azadlıq" əməliyyatının yekun fazasının başladığını bəyan edib.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya və daha bir neçə ölkə isə Maduronu dəstəklədiyini bildirib.

Fevralın 1-də Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə, Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.