Fuad Əlizadə, Sputnik Azərbaycan
BAKI, 30 aprel — Sputnik. 2001-ci ilin 1 iyulundan 2019-cu ilin 1 aprelinə qədərki dövrdə "Azəri-Çıraq-Günəşli" neft-qaz yatağından əldə olunan ümumi gəlirlər 140 milyard 450 milyon ABŞ dolları olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Azərbaycan Dövlət Neft Fondunun (ADNF) saytında yer alıb.
2019-cu ilin 1 yanvarından 1 aprelinədək AÇG layihəsi çərçivəsində ARDNF-ə 2,243 milyard dollar vəsait daxil olub.
O cümlədən, 01.01.2019 - 01.04.2019 tarixində Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 91 mln. ABŞ dolları təşkil edib. 2007-ci ildən 1 aprel 2019-cu ilə qədər Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər 2 mlrd 506 mln. ABŞ dolları olub.
Qeyd edək ki, Neft Fonduna vəsaitlər irimiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində daxil olur. Qaçqın və məcburi köçkünlərə sosial yardımlar da sözügedən layihələrin icrası nəticəsində əldə olunan vəsaitlər hesabına ödənilir.
AR Dövlət Neft Fondunun aktivləri 2019-cu ilin birinci rübündə 4,6% artaraq 1,758 milyard dollara çatıb.
Bununla yanaşı, Azərbaycan neft gəlirlərindən 100 milyard dollardan çoxunu xərcləyib.
"Azəri-Çıraq-Günəşli" blokunun işlənməsi ilə bağlı müqavilə 20 sentyabr 1994-cü ildə imzalanıb və "Əsrin müqaviləsi" adını alıb.
Azərbaycan hökuməti 14 sentyabr 2017-ci ildə AÇG üzrə tərəfdaşları ilə 2050-ci ilədək yeni müqavilə bağlayıb. Bu müqavilədə ABƏŞ-də iştirakçılıq belə bölüşdürülüb: BP - 30,37%, SOCAR - 25,00%, Chevron - 9,57%, Inpex - 9,31%, Equinor - 7,27%, ExxonMobil - 6,79%, TPAO - 5,73%, Itochu - 3,65%, ONGC Videsh Ltd. (OVL) - 2,31%.
ARDNF Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilib. ARDNF-nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilib. ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlayıb.
2001-ci ilin iyulunda DNF-nun hesabına 270,9 milyon dollar həcmində ilkin vəsaitlər yatırılıb. Elə həmin ilin sonunda ADNF-in vəsaitlərinin həcmi artıq 491,5 milyon dollara çatıb.