Nigar Məhərrəm, Sputnik Azərbaycan.
BAKI, 28 aprel — Sputnik. Mədəniyyət sahəsində "ulduz" adlandırılan elə şəxslər var ki, onları sənətkar adlandırmaq bəlkə də sənətə təhqirdir. Amma elələri də var ki, ulduzluq mərhələsinə çatmayıblar, amma həqiqi sənətlə məşğul olmağa çalışırlar. Həmsöhbətimiz, Əməkdar artist Aqşin Abdullayev də sonunculardandır. 1985-ci ildə doğulan A.Abdullayev Qara Qareyev adına musiqi məktəbini, Bakı Musiqi Akademiyasını bitirib. "ÜNS" yaradıcılıq səhnəsinin aktyoru, Azərbaycan Dövlət Filarmoniyasının artistidir. Xuraman Qasımovadan dərs alan ifaçı 2007-ci ildən etibarən peşəkar musiqi fəaliyyətinə başlayıb.
- Sənətə gəlişiniz necə baş tutub?
- Bizim nəslimizdə musiqiyə marağı olan biri olmayıb. Əksəri ixtisasca həkim, müəllim, hüquqşünas olub. Bu səbəbdən də mən əvvəl hüquqşünas olmağı düşünürdüm. Valideynlərim məni bu peşəyə yönəltməmişdilər. Lakin sonradan məndə bu istedad aşkara çıxdı.
- Maraqlıdır, necə?
- Doqquzmərtəbəli binada yaşayırdıq. Onun köhnə lifti vardı. 9-cu mərtəbədən aşağı çox gec düşürdü. O müddət ərzində mən liftdə özüm üçün zümzümə edirdim. Aşağı mərtəbədə liftin qapıları açılanda qonşuların əl çaldığını görürdüm. Hərdən utanıb qaçırdım. Bir dəfə, atamın əlli illik yubileyini restoranda qeyd edərkən, qohum-qonşular başıma yığışdı ki, gözəl səsin var, bir mahnı ifa et. Oradakı ifamı da hamı çox bəyənmişdi. Sonra atam məndən Üzeyir Hacibəyovun "Sənsiz"ini ifa etməyimi istədi. Dedi ki, əgər bunu bacarsan, səndən yaxşı ifaçı çıxacaq. Mən də günlərlə məşq edib, həmin əsəri atam üçün ifa etdim. O vaxtdan - 2000-ci ildən etibarən oxumağa başladım.
- Tədbirlərə, xaricə dəvət alırsız?
- Artıq bütün dövlət tədbirlərinə, xarici ölkələrə dəvət alıram. Xarici ölkələrdə konsertlərim də olub. Vyanada Mədəniyyət Mərkəzində, Slovakiyada konsertim olub. İştirak etdiyim müsabiqələrdə yer tutmuşam. Türkdilli xalqlar arasında keçirilən müsabiqələrdə isə birincilik qazanmışam.
- Necə oldu ki, belə gənc yaşda Əməkdar artist adını aldınız?
- Ötən il əməkdar artist adına layiq görülmüşəm. Düşünürəm ki, bu adın məsuliyyəti çox böyükdür. Gənc yaşda belə bir adla təltif olunmağın məsuliyyəti isə daha böyükdür. Sabah hansısa yüngül hərəkət etsəm, deyəcəklər ki, görün kimlərə ad verilib. Lakin bu gün kimsə mənim barəmdə bu sözü deyə bilməz. Çünki buna rəvac verməmişəm.
- Sizi başqalarından fərqləndirən nədir?
- Zamanın tələbinə uyğun olaraq öz orkestrimi yaratmışam. Toy məclislərinə və tədbirlərə 25 nəfərlik orkestrimlə qatılıram. Bu isə toy üçün bir yenilikdir. Bu orkestrlə həm milli, həm də klassik ifalar səsləndirirəm. Toylarda çalışıram ki, ifamla, yaratdığım obrazla gözəl filimlərimizdən müəyyən səhnələri canlandırım. Amma əvvəllər belə məclislərə gedəndə "Sevgili canan"ı ifa edirdim və düşünürdüm ki, mən toyda heç kəsə lazım deyiləm. Lakin bu gün çox tanınmasam da, toylarda ən çox tələb olunan ifaçılardan biriyəm.
Həmçinin 4 nəfərdən ibarət "Adivo" adlanan vokal qrupum da var. Müxtəlif tədbirlərə bu vokal qrupu ilə birgə gedirəm.
- Bəs toy qiymətləriniz necədir?
- Toy qiymətlərim 5-10 min arasında dəyişir. Qiymətin belə olmasının səbəbi toylara orkestrlə getməyimdir.
- Toylarınız davamlı olur?
-Demək olar, günaşırı toylara gedirəm. Təxminən bir ayda 10-20 toya dəvət alıram. Lakin bu o demək deyil ki, ilin bütün günü toy olur, yox. Təxminən ilin 4 ayını əhatə edir. Orucluq bayramı, məhərrəmlik ərəfəsində isə ümumiyyətlə toylardan qazancımız olmur.
- Niyə tərəf müqabiliniz yoxdur?
- Duet oxumağı sevmədiyim üçün sənətdə tərəf müqabilim yoxdur. Bunun digər bir səbəbi isə hər bir işi təkbaşına ərsəyə gətirməkdən zövq almağımdır. İstəmərəm kimsə desin ki, sən başqasının hesabına tanınmısan. O səbəbdən çalışmışam ki, hər şeyə pillə-pillə nail olum.
- Bir az da çətinliklərdən danışaq. Nə kimi çətinliklər, manelərlə qarşılaşırsınız?
- Əsas çətinliklərim televiziyalarla bağlı olur. Məndən pul tələb etməyən kanalların təkliflərini dəyərləndirirəm. Çünki sənət olan yerdə harasa pulla getmək mümkün deyil. Sənəti olmayanlar bunu edə bilər. O səbəbdən də mən əvvəllər efirlərə çağırılmırdım. Artıq dəvət alsam da, bəzən özüm bu təkliflərdən imtina edirəm. Canlı ifanın olduğu verilişlərə getməyə üstünlük verirəm.
- Belə başa düşdüm ki, fonoqramla oxumaqdan qaçırsınız...
- Qatıldığım tədbirlərdə insanları fonoqramla aldadıb mahnı ifa edə bilmərəm.
- Bir az da yeni işlərdən, bəstələrdən danışaq...
- Bu yaxınlarda musiqisi Hatəm Nəbioğlu, sözləri Nurlan Hatəmoğluna məxsus "Sual" mahnısını ifa etdim. Gənc bəstəkar Fərid Kərimlinin "Toxunma" mahnısını da oxumuşam.
- Sizə təmənnasız dəstək olan bəstəkarlar varmı?
- Bu günədək Eldar Mansurov mənə təmənnasız dəstək olub. O, təxminən 5 belə bəstəni mənə bağışlayıb. Bu bəstələr içində "Sən gələcəksən", "Yağış", "Gözəl vətən Azərbaycan" və digərləri də var. Bilirsiniz necədir, əsas məsələ bəstənin ifaçıya uyğun olması və onun keyfiyyətidir.
- Amma etiraf edək ki, bu bazarda bayağı mahnılar daha populyardır...
- Bu gün bəzi bəstəkarlar bazarda oynaya bilmək üçün bayağılığa üstünlük verirlər. Bəzən mənə də zəng edib deyirlər ki, toy üçün bir bəstə var, istəyirsən? Mən isə hər zaman bayağılıqdan uzaq olmağa çalışmışam. Çünki bayağılıq Azərbaycan üçün bir uçurumdur.
- Sizə görə bayağılıq nədir?
- Musiqi ilə meyxana deyənlərin ifasını bəyənmirəm. Bu mənim üçün bayağılıqdır. Orada söz var, amma musiqidən xəbər-ətər də yoxdur. Heç bir musiqi savadı olmayan birinin hind və digər musiqilərin ritmi üzərində meyxana deməsi bayağılıqdır. Mənə görə musiqinin keyfiyyətli olması çox vacibdir. Çünki musiqi bir insanın tərbiyəsidir. Dinlədiyiniz musiqi ilə kimliyiniz, şəxsiyyətiniz haqda müəyyən məlumat almaq olar. Bayağı musiqi dinləyən biri düşünmürəm ki, dərin bir kimliyə sahib ola bilər.
- Övladlarınızı hansı ruhda tərbiyə edirsiniz?
- Uşaq vaxtı operaya çox qulaq asırdım. İndi isə özüm çalışıram ki, övladlarım da bayağı deyil, əsl sənətin sədaları altında böyüsünlər. Amma etiraf edək ki, bu gün bayağı mahnıların çox olmasının əsas səbəbi cəmiyyətimizin bu ifaları sevməsidir. Düşünürəm ki, biz övladlarımıza yaxşı bir şeyi təbliğ etsək, onlar da özlərindən sonrakı nəsilə yaxşı nəsə ötürərlər. Amma belə olmasa, musiqi zövqü daha da korlanacaq. Övladlarım bu sənətin təsirində böyüyür. Elə 8 yaşlı qızım Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq" teatrının aktrisasıdır. Onun incəsənətə, teatra, musiqiyə çox böyük marağı var.
- Peşəkar bəstəkarların sayı necə, qaneedicidirmi?
- Bu gün əsas problemlərdən biri də bəstəkarların sayının az olmasıdır. Hazırda sayılı bəstəkarlar var ki, onlar əsərlərini yüksək qiymətə təklif edirlər. Həm də bəstəkarlar yaxşı mahnıları tanınan ifaçılara verirlər. Tanımadıqları birinə yaxşı bəstə vermək istəmirlər. Amma məncə yaxşı mahnı o qədər də tanınmayan yaxşı bir ifaçıya verilməlidir ki, həm mahnı, həm də ifaçı tanınsın.
- Bu gün tanınmaq üçün əsas "şərt"lərdən biri də qalmaqal yaratmaqdır...
- Qalmaqalla gündəmə gəlmədiyim üçün ola bilər ki, tamaşaçılara maraqsız görünürəm. İlk dəfə efirə çıxanda bizə deyirdilər ki, kiməsə söz at, tanın. Bu cür şeylər hər zaman xarakterimə yad olub. İş olan yerdə hər zaman problem olur. Lakin bu o demək deyil ki, kimsə efirdən mənə söz atsa, mən onlara jurnalistlər vasitəsilə cavab qaytaracağam. Xeyr, həmin şəxsin birbaşa özünə zəng edib deyərəm ki, mənimlə problemin nədirsə, gəl həll edək.
- Bildiyimə görə, qızınız və oğlunuza aid də bəstələriniz var...
- Özümə aid olan səsyazma studiyam var. Burada olarkən müəyyən ifalar bəstələyirəm. Artıq oğlum, qızım üçün, həmçinin də sifarişlə bir neçə mahnı bəstələyib, ərsəyə gətirmişəm. İstəyirəm ki, bu dəfə də "Atam"a adlı bir bəstə hazırlayım. O mənim fəxr yerimdir.
- Bu bəstələr necə, daha çox bazarın tələbatını ödəyir, yoxsa, çox ciddi əsərlərdir?
- Professional bəstəkar deyiləm ki, çox ciddi bir bəstə yazım. Amma bununla belə deyə bilmərəm ki, mənim bəstələrim bayağıdır. Çünki verdiyim akkordlar bayağı deyil.