Qazaxıstanda prezidentlik yarışında şürpriz gəlişmə

Qazaxıstanda prezidentliyə namizədliyi irəli sürülənlər müəyyənləşib
Sputnik

BAKI, 28 aprel - Sputnik. Bu gün yerli vaxtla saat 18.00-da Qazaxıstanda prezidentliyə namizədlərin irəli sürülməsi üçün ayrılan vaxt bitib.

Sputnik Qazaxıstan-ın məlumatına görə, sonuncu olaraq "Xalq Demoqrafiyası" İctimai Birliyinin namizədli Jumatay Əliyev sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bununla da prezidentliyə namizədliynii irəli sürənlərin sayı 9 nəfər olub. Həmin namizədlər aşağıdakılardır:

Qasım-Jomart Tokayev (Qazaxıstanın hazırkı prezidenti) – Nur Otan Partiyası;

Daniya Yespayeva – "Ak jol" Partiyası;

Jambıl Ahmetbekov – Kommunist Xalq Partiyası;

Toleutay Rəhimbəyov – Auıl Partiyası;

Sadıbek Tugel – "Böyük Çölün Qartalları" İctimai Birliyi;

Amangəldi Taspixov – Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası;

Amirjan Kosanov – "Xalqın Taleyi" Milli Vətənpərvər Hərəkatı;

Talqat Yerqaliyev – Qazaxıstan İnşaatçıları İttifaqı;

Jumatay Əliyev - "Xalq Demoqrafiyası" İctimai Birliyi.

MSK namizədlərin qeydiyyatına 11 may saat 18.00-a qədər baxaraq qərar verməlidir. 

Beləliklə, gözlənildiyinin əksinə olaraq Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva prezidentliyə namizədliyini verməyib. 

Qeyd edək ki, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev bu il martın 20-də prezident postundan istefa verib. Dövlət başçısının səlahiyyətləri Qasım-Jomart Tokayev icra edir. O, bundan əvvəl Qazaxıstan Senatının sədri olub.

Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.